BDU-nun ekspert rüsvayçılığı davam edir

  • By admin
  • 28 İyun 2016 11:25

arif

 

“Professor Qulu Məhərrəmlinin məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz vəsatəti Ekspertiza Mərkəzinə göndərilib. Hələlik hansısa qərarın qəbulu barədə danışmaq tezdir”.

Bu haqda Gununsesi.info-ya Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin köməkçisi məlumat verib. BDU-kı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu etirazdan sonra BDU rəhbərliyi ekspertizada iştirak üçün təyin etdiyi dilçi-mütəxəssisləri – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı rəylərini tezliklə təqdim etməyə tələsdirib. Universitet kimi bir mənəviyyat ocağında rüsvayçı “ekspert” əməliyyatına humanitar məsələlər üzrə prorektor Sani Hacıyevin rəhbərlik etdiyi bildirilir. Etiraz vəsatətindən xəbər tutan kimi S.Hacıyev dərhal dilçiləri yanına çağırıb və işləri sürətləndirməyi tapşırıb. Prorektor, həmçinin onlara görəcəkləri işin “əhəmiyyəti”ni xatırladıb, universitetlə AzTV-nin münasibətləri naminə rəyin mütləq mənfi yazılmasının vacibliyini deyib və işləri gizli saxlamağı tapşırıb.

“Ekspertizanın bu şəkildə aparılması qanuna ziddir”. Tanınmış hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Eyyub Kərimov Gununsesi.info-ya bildirib ki, cinayət təqibinə məruz qalmış şəxsin iş yerindən mütəxəssis seçilməsi yolverilməzdir: “İkincisi, işin nəticəsində maraqlı olan şəxs rəy hazırlanmasında iştirak edə bilməz, üçüncüsü isə Q.Məhərrəmli ilə bağlı ictimailəşmiş məhkəmə işi söz-mətbuat azadlığı üçün ciddi önəm daşıdığından ekspertizaya cəlb edilmiş mütəxəssislərin yüksək bilikli, müstəqil və vicdanlı olması çox vacibdir. Bir də universitet müəlliminin kiminsə göstərişi ilə mövqe müəyyənləşdirməsi hələ hər şey demək deyil. Məsələ bundan sonra Ekspertiza Mərkəzində peşəkar əməkdaşların iştirakilə müzakirə olunacaq. Qanuna görə təqsirləndirilən şəxsin özü və nümayəndələri də müzakirədə iştirak edib sual və izahlar vermək hüququna malikdir. Yəni qərəz olsa, dərhal üzə çıxacaq”-, deyə hüquqşünas əlavə edib.

Əyyub Kərimov bilə-bilə yalan rəy verən mütəxəssisin suallara aydınlıq gətirmək üçün məhkəməyə dəvət olunacağını da xüsusi vurğulayıb: “Bəzən məhkəmə təcrübəsində belə hallar olur ki, mənfi rəy yazmağı sifariş edənlər kənarda qalır, amma mütəxəssislər yalan rəyə görə məsuliyyətə cəlb olunurlar”.

Gülnaz Qənbərli