Belə getsə, bu hakimiyyəti Milli Şura yox, Tarif Şurası yıxacaq - TANINMIŞLARIN FİKİRLƏRİ

  • By admin
  • 29 Noyabr 2016 13:04

qaz

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Ölkədə gözlənilən yeni bahalaşma dalğası artıq baş verməkdədir. Tarif Şurası bəzi kommunal xidmətləri bahalaşdırdı, bu dəfə nəinki ərzaq məhsulların, nəqliyyat xərclərinin artması gözlənilir.

Gununsesi.info sosial şəbəkədə sözügedən bahalaşmayla bağlı tanınmışların payıaçdığı fikirləri təqdim edir.

Sabiq millət vəkili, iqtisadçı-ekspert  Nazim Bəydəmirli: “Əhalinin real gəlirlərinin kəskin azaldığı bir dövrdə ölkə daxilində kommunal xidmətlərin, enerji daşıyıcılarının (idxal olunmayan) tariflərinin artırılması hansı dahi iqtisadçının ağlının məhsuludur? Mənə şəxsən çox maraqlıdır ki, bu qərar nə fayda verəcək?
P.S. Məsləhətim bu qərar ləğv edilsin və başqa yol, dərin islahat yolu seçilsin, büdcəyə ehtiyac olan vəsaiti “məmur sahibkarlığın” vergiyə cəlb olunması ilə həll etsinlər. Əgər bacarsalar!”

İqtisadiyyat yazarı Vusalə Rüstəmova: “Qaz və işığın qiymətinin bahalaşma qərarından sonra ruh kimiyəm. “Nə edəcəm, necə edəcəm” deyə düşünüb dururam”.

Sabiq millət vəkili Etibar Huseynov: “Gedim “fortoçka”nı bağlayım…”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli: “Kim daha çox günahkardır: Tarif Şurası, yoxsa xalqımız?Qurani-Kərimdə buyurulduğu kimi, Allah insanları göndərdiyi hökümdarlarla cəzalandırır. Görünür bu cəzaya layiqiq”.

Jurnalist Coşqun Eldaroğlu: “Bu uşaqlar da böyüyəcək. Və bir gün yaşaya biləcəkləri normal ölkə axtaracaqlar. Uşaqları yaşaya biləcəkləri ölkədə doğun. Və ya uşaqları yaşaya bilməyəcəkləri ölkədə doğmayın”.

Tele-aparıcı Tunzale Rafiqqızı: “Nənənm deyərdi : elnən gələn toy-bayramdı!”.

Yenilik.az saytının rəhbəri Xanlar Aliheydar Xoca: “Yoxsulluq artanda soyğunçuluq, qarət tipli cinayətlər də artır”.

“Təmiz Dünya” Qadınlara  Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova: “Meşədə ağac qalmaz…”.

Jurnalist Samir Kazımlı: “Belə getsə, bu hakimiyyəti Milli Şura yox, Tarif Şurası yıxacaq…”

“Yeni Müsavat” qəzetinin yazarı  Azər Rəşidoğlu: “İxtisar, işsizlik, fantastik bahalaşmanı bəlkə də bağışlayacaqlar sizə, amma bu ölkənin mərd oğullarını bir tikə çörəyə möhtac edib, onun bunun qarşısında sındırılmanı əsla… Hökm Allahındır. Allahu Əkbər!”

Jurnalist Xaqani Səfəroğlu: “Kombini söküb balkondan aşağı tullamaq lazımdır… Evdə lüstrdən bütün lampoçkaları açmaq, divara vurub çilik-çilik eləmək lazımdır… Sağlam həyat tərzinə keçmək, Spartalılar kimi yaşamaq lazımdır: Ya qalxanla, ya da qalxan üstə!  Sağlam bədəndə sağlam ruh olar! Kişi dedi axı, qaz yananda pəncərəni açıq qoymayın! Bizə heç nə olmaz, təki Vətən yaşasın!”.

Gülnaz Qənbərli

Gününsəsi.info