Belarus morqları Ukraynada öldürülən Rusiya hərbçilərinin meyitləri ilə dolub

  • By admin
  • 13 Mart 2022 20:28

Belarusun Qomel, Mozır və Narovlya şəhərlərinin morqları Ukraynada öldürülən Rusiya hərbçilərinin meyitləri ilə doludur. Gununsesi.info bildirir ki, bu haqda “Azadlıq” radiosunun Belarus xidməti bildirir.

Qeyd olunur ki, Belarusun tibb işçiləri Rusiya hərbçilərinin meyitləri və yaralılar haqda informasiyaları yaymamaq barədə öhdəlik imzalayıblar, bəzi hallarda onları işdən çıxarmaqla hədələyiblər. Ötən həftə Mozır şəhərinin dəmir yol stansiyasında “Rusiya Dəmir Yolları” QSC-nin yük qatarına çoxsaylı meyit yüklənib.

“Meyitlər ağlasığmaz dərəcədə çox idi. Mozır stansiyasında olan adamlar qatara yüklənən meyitlərin miqdarını görəndə sadəcə olaraq şoka düşüblər. İnsanlar video çəkməyə başlayıblar, amma hərbçilər onları qovublar və telefonlarını əllərindən alaraq videoları sildiriblər. Mozır ətrafındakı Kamenka kəndinin qəbiristanlığını isə əhatəyə alıblar, ora heç kimi buraxmırlar, mühafizə qoyublar”,-Mozır sakini adının açıqlanmaması şərtilə belə deyib.

Digər şəxslər isə jurnalistlərə deyiblər ki, Mozır hospitalı hələ də yaralı Rusiya hərbçiləri ilə doludur, yerli sakinlərə şəhər xəstəxanalarında xidmət göstərilməsi məhdudlaşdırılıb. Çünki hər yerdə yaralılar saxlanılır.

Qomel sakinləri isə bildiriblər ki, yaralı Rusiya hərbçilərini bu şəhərə avtobuslarla daşıyırlar, meyitləri isə yük maşınları ilə gətirirlər. “Onların meyitlərini “Ural” maşınlarında gətirirlər, buradan Rusiyaya yola salırlar”, – sakin deyib.

Qomeldəki radioasion təbabət mərkəzi müharibənin əvvəllindən ancaq Rusiya ordusunun yaralı hərbçilərini qəbul edir. Orada işləyən də rusiyalı həkimlərdir. Yaralıları Kostyukov hospitalına və vilayət kliniki xəstəxanasına daşıyırlar.

***

Rusiya hərbçilərinin cəsədləri Ukraynadan Belarusun Mozır şəhərinə aparılır, orada onlar yığılır və naməlum istiqamətə aparılır. Bu barədə BBC-nin rus xidməti məlumat verib.

Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, şəhərin küçələrində çoxlu sayda hərbçi var – ehtimal olunur ki, onlar Çeçenistandandır, həmçinin burada Rusiya nömrəli avtomobillər görmək olar.

Burada morqun özündə baş verənlərlə bağlı məlumat verdilər.

“Cəsədlər heç soyuducuya da yığılmır. Onlar adi 5-5 kvadratmetrlik bir otağa aparılır, bir müddət orada saxlanılır, çürüyür, iylənir, sonra onları daşıyıb harasa aparırlar… Bu işi əsgərlərin özləri görür. Hər şey ciddi şəkildə mühafizə olunur, ərazidən yalnız şöbə rəisi çıxa bilir”, – morqun əməkdaşları ilə tanış olan mənbə bildirib.

“Bu cəsədlərin sayını heç kim bilmir, lakin hər kəs baş verənlərdən dəhşətə gəlir. Həkimlər elə bilirlər ki, haradasa səyyar krematoriy var, ya da cəsədlər sadəcə basdırılır”, – o əlavə edib.

Belarusun dövlət KİV-lərində yaralı Rusiya əsgərlərinin müalicə olunması bardə heç bir məlumat yoxdur.