Belarusun Baş Qərargah rəisi istefa verdi

  • By admin
  • 07 Mart 2022 17:43

Belarus Baş Qərargah rəisi Viktor Quleviç tabeliyində olanların Ukraynadakı müharibədə iştirakdan imtina etdiyini bildirərək istefa verib.

Gununsesi.info Zn.ua-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd yayılıb.

Quleviçin ifadəsinin martın 4-nə aid olduğu iddia edilir.

“Yuxarıda adıçəkilən batalyon qruplarının komplektləşdirilməsinə cəlb edilməli olan hərbi hissələrin şəxsi heyətinin döyüş əməliyyatlarında iştirakdan kütləvi şəkildə imtina etməsi səbəbindən Belarus Silahlı Qüvvələrinin tək bir batalyon qrupunu heyətə salmaq imkanı yoxdur”, – sənəddə deyilir.

“Hərbi hissələrin komandirləri ilə izahat işlərinin aparılması nəticə vermədi. Güman etməyə cəsarət edirəm ki, yerlərdə qruplaşmaların formalaşmasını təşkil edə bilməyən bu hərbi hissələrin komandirlərinin dəyişdirilməsi istənilən nəticəni verməyəcək”, – Quleviç bildirib.

Xatırladaq ki, Beynəlxalq Haaqa Məhkəməsi martın 7-də Ukraynanın Rusiya Federasiyasına qarşı iddiası üzrə dinləmələrə başlayıb.

 

Gununsesi.info