Berlində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub -Fotolar

  • By admin
  • 22 Dekabr 2018 17:55

Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə dekabrın 21-də Berlin şəhərində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib.

“Gununsesi.org” un məlumatına görə, tədbirdə Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.

Tədbirdə Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən “Son iclas” filmi tədbirdə nümayiş olunub. Film iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.