Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Azərbaycana şeir həsr edib

  • By admin
  • 24 Sentyabr 2019 23:08
Fransız Azərbaycana şeir həsr edib
Bu il mayın 10-da ölkədə rəsmi səfərdə olmuş Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu Azərbaycana şeir həsr edib.
Gununsesi.org xəbər verir ki “Odlar yurdu” adlanan şeirdə Azərbaycanın tarixindən və coğrafi mövqeyindən söz açılır, işıqlı gələcəyindən danışılır, ümumilikdə, ölkə vəsf edilir. Belə ki, müəllif şeirdə Azərbaycanın Şərqlə Qərb arasında körpü rolu oynadığını diqqətə çatdırır və Abşeron yarımadasında yerləşən “Atəşgah məbədi”ndə alovun milyon illərdir sönmədiyini vurğulayır. Jan Pyer Lubinu Azərbaycanın keçmişindən güc aldığını və ölkənin daim inkişaf etdiyini qeyd edir.
Həmin şeiri təqdim edirik:
 
Odlar Yurdu
O, qədim məmləkət, ulu diyardır,
Sönməyən alovdan yoğrulub canı,
Xəzər sahilində tapa biləydim
Hər gün yeniləşən Azərbaycanı.
Sirli torpağından doğulan alov,
Milyon illərdir ki, yanır sönmədən.
İlham qaynağıdır alovun rəmzi,
Zərdüştün ocağı sönməyir nədən?
Günəşin şəfəqi, zəka işığı
Gülüş bəxş eləyir hər bir insana.
İşğal, müharibə, parçalanmalar
Qara kölgə salıb nurlu məkana.
Şimala, Cənuba bölünən yurdun
Bir yanı səhradır, bir yanı Qafqaz.
Bu torpaq Şərq ilə Qərb arasında
Bir canlı körpüdür, deməsəm olmaz.
Dünyaya açılan pəncərə olub
Ulu keçmişindən güc alan diyar.
Arzusu, amalı, əqidəsilə
İşıqlı sabaha ucalan diyar.
Qismətim olsaydı, Azərbaycanı
Ömrümdə bircə yol gəzə biləydim.
Köksündə əbədi yanan alovu
İnsan baxışında sezə biləydim.
Qeyd edək ki, 2019-cu il mayın 10-da Bakıda rəsmi səfərdə olmuş Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. C.Qurbanov görüşdə bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.
Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
Xatırladaq ki, Beynəlxalq Dəmir Yolu İttifaqı 20 oktyabr 1922-ci ildə Avropa ölkələrinin dəmir yolları arasındakı prosedurların uyğunlaşdırılması məqsədi ilə yaradılıb. İttifaqa, təxminən, 100 ölkədən 200-dən çox dəmir yolu şirkəti daxildir. İttifaqın əsas vəzifəsi dəmir yolu nəqliyyatının dünyanın ən etibarlı və ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi rəqabət qabiliyyətinin artırılmasıdır.
Gununsesi.org