
“Hazırda Türkiyədə125 min azərbaycanlı yaşayır. Türkiyə universitetlərində isə 14 250 tələbə təhsil alır”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda Türk iş adamları və Türkiyədən gələn bir qrup millət vəkilinin görüşündə çıxışı zamanı deyib.
Səfir onu da əlavə edib ki, bu gün Azərbaycanda 10 min Türkiyə vətəndaşı yaşayır: “Onların 3 mini tələbədir, yerdə qalanı isə iş adamı və onaların ailələridir”.
İki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşdiyini qeyd edən diplomat bildirib ki, arzusu 80 milyonluq Türkiyə insanının hər birinin Azərbaycanda olması və buranı yaxşı tanımasıdır.
“Fəaliyyətimizi də bu istiqamətdə qurmuşuq və işlərimiz də uğurla davam edir. Biz daha yaxın olamlıyıq. Çünki Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü Azərbaycanın gücüdür. Bir yerdə olduqca daha güclü oluruq. Bir- birimizə sahib çıxdıqca daha qüvvətli oluruq. Rəqiblərimiz də bunun fərqindədirlər. Onlar artıq bizi bir-birimizdən ayrımağın nə qədər çətin olduğunun da fərqindədirlər. Ona görə də iki ölkə arasındakı əlaqələri daha da sıxlaşdırmaq lazımdır”- deyə, səfir bildirib.
Sevincimiz və kədərimizin də eyni olduğunu qeyd edən səfir bildirib ki, Afrin əməliyyatı davam etdiyi bir zamanda Azərbaycan insanının hər gün Türkiyə səfirliyinə gələrək Türk ordusunun müzəffər qələbə çalması üçün dualar etdiyinin şahidi olub.
“Təbii ki, dediyim bu fikir sözlə deyiləsi bir ifadə deyil. Bu insanı duyğulandıran bir məsələdir. O baxımdan da biz artıq Azərbaycanı vətənin bir parçası olaraq görürük. Burada çalışan iş adamları Azərbaycanın irəli getməsi və inkişaf etməsi üçün əlindən gələni etməlidir”,- deyə səfir bildirib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AKP millət vəkili Nejdet Ünüvar başda olmaqla Türkiyə Böyük Millət Məclisinin üzvləri, İstanbul millət vəkili Nurettin Nebati, İqdır millət vəkili Nurettin Aras, MHP Ərzurum millət vəkili Kamil Aydın, CHP Artvin millət vəkili Uğur Bayrakdar Bakıda səfərdədirlər. Onlarla yanaşı, bir qrup Türkiyə mediasının təmsilçisi Azərbaycanda səfərdədirlər. Türkiyə nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyirlər.
Səfər çərçivəsində türkiyəli parlamentarilər ATİB, MÜSİAD, TÜİB iş adamları ilə görüşüblər.
Mürtəza
Gununsesi.info












