“Blok imtahanlarından sonra narazılıq müşahidə edilmədi”

“Blok imtahanlarından sonra buraxılış imtahanlarında olduğu qədər geniş müzakirə və narazılıq müşahidə edilmədi”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi vurğulayıb:

“Qəbul imtahanlarının birinci mərhələsi, o cümlədən ikinci mərhələyə hazırlıq prosesi yekunlaşıb. Blok imtahanları ilə buraxılış imtahanları arasında müqayisə aparsaq, buraxılış imtahanları blok imtahanlarına nisbətən bir qədər çətinliyi ilə fərqlənmişdir.

Lakin blok imtahanları həm II–III qruplar, həm də I–IV qruplar üçün sualların cavablandırılması baxımından buraxılış imtahanları ilə müqayisədə daha əlçatan formatda təşkil olunmuşdu. Yalnız məhdud sayda fikirlər səsləndirildi. Məsələn, I qrup üzrə riyaziyyat fənni, həmçinin bir qədər informatika fənni ilə bağlı, IV qrup üzrə isə əsasən fizika və biologiya fənni üzrə bəzi sualların çətin olduğu qeyd edilirdi. Lakin bu fikirlər bütün abituriyentləri deyil, yalnız müəyyən hissəsini əhatə edirdi.

Ümumilikdə, yüksək nəticə əldə edən abituriyentlərin fikirlərinə əsasən, imtahan suallarında elmi və ya texniki xəta qeydə alınmayıb. İmtahanın tam şəffaf və obyektiv qaydada keçirildiyi bildirilir. Bu isə onu göstərir ki, çətinlik səviyyəsi çox yüksək olmadığından blok imtahanı 400 ballıq sistem üzrə aparılıb və yüksək nəticə əldə edən abituriyentlərin olması gözlənilir. Bu da öz növbəsində ixtisaslar üzrə formalaşacaq keçid ballarına müəyyən təsir göstərə bilər.

Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən blok imtahanının birinci cəhdi yekunlaşıb. Qarşıda isə ikinci cəhd imtahanları gözlənilir.

Dünən ikinci cəhdə qeydiyyatla bağlı elektron ərizə qəbulu başa çatıb. Burada təxminən 72 min nəfərə yaxın abituriyent ikinci cəhdlə iştirak edəcəyini təsdiqləyib. Birinci cəhdlə müqayisədə təxminən 25 min 500 nəfərdən bir qədər çox abituriyent isə iştirak etməyəcəyini bildirib.

Vaxtın məhdudluğu və imtahan nəticələrinin hələ açıqlanmaması bəzi abituriyentlərin qərar verməsini çətinləşdirə bilər. Hesab olunur ki, əlavə vaxt verilsəydi, daha bir qrup abituriyent qeydiyyatdan keçə bilərdi. Buna baxmayaraq, ümumilikdə təxminən 72 min abituriyentin ikinci cəhdə qatılması gözlənilir”.

 

 

Günay

Gununsesi.info