Əli Məsimli: ÜDM-in artım tempinin sürətləndirilməsi əsas prioritetlərdən biri olmalıdır

  • By Admin2
  • 09 İyun 2026 16:52

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub.

Gununsesi.info-nun xəbərinə görə, müzakirələr zamanı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli çıxış edərək dövlət büdcəsinin icrasına dair bir sıra mühüm məqamlara toxunub.

Deputat bildirib ki, büdcə iqtisadiyyatın güzgüsüdür və onun müzakirəsi ölkənin iqtisadi vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əli Məsimli qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsinin icrasında üç əsas məqam diqqəti cəlb edir.

Onun sözlərinə görə, ilk növbədə büdcə makroiqtisadi sabitlik şəraitində icra olunub. İkinci mühüm məqam qeyri-neft sektorundan daxilolmaların müsbət dinamika nümayiş etdirməsi ilə bağlıdır. Bu gəlirlər cari xərcləri tam qarşılaya bilməsə də, əvvəlki illərlə müqayisədə irəliləyiş müşahidə olunub ki, bu da gələcək dövr üçün əlverişli baza yaradır.

Deputatın fikrincə, üçüncü mühüm məqam isə iqtisadi artım və inflyasiya göstəricilərində proqnozlardan ciddi kənarlaşmaların qeydə alınmasıdır.

O bildirib ki, 2025-ci ildə ÜDM-in 3,5 faiz artacağı proqnozlaşdırılsa da, faktiki artım cəmi 1,4 faiz olub. Bu göstərici həm proqnozdan, həm də əvvəlki ilin nəticələrindən əhəmiyyətli dərəcədə aşağıdır.

Əli Məsimli inflyasiya ilə bağlı vəziyyətə də diqqət çəkərək qeyd edib ki, 4,8 faiz proqnoza qarşı ötən il inflyasiya 5,8 faiz təşkil edib. Xüsusilə əsas istehlak mallarının qiymətlərində daha yüksək artımlar müşahidə olunub.

Onun sözlərinə görə, inflyasiya sürətinin 2024-cü illə müqayisədə 2,6 dəfə yüksəlməsi inflyasiya təzyiqlərinin gücləndiyini göstərir.

Deputat Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azaldılmasını tarixi addım kimi qiymətləndirib.

Bununla yanaşı, o vurğulayıb ki, bu vəsaitləri əvəz edə biləcək kompensasiya mənbələrinin müəyyənləşdirilməsi vacibdir. Ən etibarlı mənbənin isə iqtisadi artımın sürətləndirilməsi olduğunu bildirib.

“ÜDM-in 1 faiz artması və ya azalması təxminən 1,3 milyard manatlıq əlavə dəyərin yaranmasına və ya itirilməsinə səbəb olur. Buna görə də iqtisadi artıma təsir edən amillərin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi vacibdir”, – deyə Əli Məsimli qeyd edib.

Deputat büdcə siyasətinin sərtləşdirilməsinin, nəzərdə tutulsa da icra olunmayan büdcə vəsaitlərinin və inflyasiya təzyiqlərinin iqtisadi artıma təsirinin araşdırılmasının zəruriliyini vurğulayıb. O həmçinin icra olunmayan büdcə vəsaitlərinin qarşılıqlı borclar sisteminə təsirinin qiymətləndirilməsinin vacib olduğunu bildirib.

Əli Məsimlinin sözlərinə görə, 2025-ci ildə debitor borcları təxminən 1 milyard manat artıb. Sistemdaxili borclar da nəzərə alındıqda qarşılıqlı borcların daha yüksək həcmdə olduğu ehtimal edilir.

Deputat çıxışında həmçinin Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair təqdim etdiyi 46 tövsiyənin xüsusi işçi qrupu tərəfindən araşdırılmasını və məqsədəuyğun hesab olunan təkliflərin nəzərə alınmasını vacib saydığını bildirib.

O, dövlət büdcəsindən subsidiyaların verilməsi mexanizminin aydın meyarlar əsasında tənzimlənməsi, dövlət sifarişlərinin formalaşdırılması prosesinin elektronlaşdırılması, bölüşdürülməyən (bloklanmış) xərclərin xüsusi çəkisinin azaldılması və icmal büdcəyə daxil olan büdcələrin gəlirlərinin uçotunda vahid yanaşmanın tətbiqi kimi məsələlərin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.

Elmar

Gununsesi.info