
Cocuqluğumuzda baxdığımız, bəzən üzüldüyümüz, “belə bitməməli idi, bu film…”-, deyib saatlarla ağladığımız, bəzən bitən sonluqla sevindiyimiz, bəzən də günlərlə dostlarımızla birlikdə müzakirə etdiyimiz filmləri ilə aşiq olmuşduq bu əsrarəngiz ölkəyə… Nərgiz və Rac Kapur sevdası ilə sevdalanmışdıq. Tac Mahal eşqinə heyranlıq içimizdə “Keşkə, bir oraları görə bilsəm…” eşqi doğurmuşdu. Bir az böyüdük, Taqoru oxuduq, başqa bir dünya açıldı üzümüzə… Bir az sonra Budda fəlsəfəsi ilə tanımağa başladıq Hindistanı… Sonra Cevahirləl Nehru və başlatdığı inqilabla hind xalqını azadlığa qovuşduran, fikirləri ilə təkcə Hindistanı deyil, dünyada bir çox insanı etkiləyən Qandi ilə qədim bir millət və mədəniyyəti daha yaxından tanımağa başladıq.
İndira Qandinin xüsusi bir yeri vardı. Həyatı məşəqqətlərlə keçən, amma mübarizədən əlçəkməyən Baş nazir Qandinin faciəli ölümünə çox uzaq olan Azərbaycanda üzülənlər az olmamışdı. Bir sözlə, söhbət maraqlı və sirli Hindistandan gedir. Hindistanla bağlı cocuqluq xəyallarımın çoxuna yetişdim. Bir gün Tac Mahalla baş-başa qalmaq imkanım oldu. Qandi ailəsi ilə yaxından görüşüb, geniş söhbət də etdim. Hindistanda tariximiz, mədəniyyətimiz, Azərbaycan-Hindsiatan münasibətlərinin qədim tarixindən bu gününə qədər keçdiyi yolla bağlı konfransda geniş çıxış da etdim, bir çox tanınmış siyasət, mədəniyyət xadimləri ilə ətraflı söhbət etmək imkanına malik oldum…
Hindistan təəssüratlarına keçməzdən öncə, Azərbaycan-Hindistan münasibətlərinin tarixindən söz açmaq istəyirəm. Əslində, bu münasibətlərin qədim tarixi var. Azərbaycanda nə qədər adam bilir, deyə bilmərəm, amma Hindistanda bu barədə səsləndirdiyim faktlar alimlər, aydınlar tərəfindən də çox maraqla qarşılanmış, konfrans sonrasında bu barədə az bilgili olduqlarını bildirmişdilər. Əslində, Şərqin iki qədim və zəngin mədəniyyətə malik dövləti olan Azərbaycan və Hindistanın hər biri qədim sivilizasiyaların beşiyi olmaqla, bir çox xalqların sığınacaq tapdığı, maddi-mədəni irsin formalaşıb qorunduğu məkan olmuşlar. Coğrafi baxımdan bir-birinə uzaq olan bu ölkələr uzun müddət ticari, tarixi və mədəni əlaqələr sahəsində sıx bağlantı qura bilmişlər. Dövlətlərimiz arasında ilkin münasibətlər ticari-iqtisadi amillərə əsaslanmışdır. Bunu Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Abşeron ərazisində arxeoloji tədqiqatlar zamanı “kauri” adlanan balıqqulaqların tapılması faktı sübut edir. Tədqiqatlar zamanı həmin örnəklərin Xəzər faunasına aid olmadığı müəyyən edilmiş və onların əsasən Hind okeanında və onun sahilyanı ölkələrində rast gəlindiyini qeyd etmək yerinə düşərdi. Kaurilərdən qədimdə mübadilə vasitəsi kimi istifadə olunmuşdu. Və Azərbaycanda tunc dövrünə aid bu tip örnəklərin rastlanması iki dövlət arasında qədim əlaqələrin mövcudluğundan xəbər verməkdədir. Orta yüzillərdə, daha dəqiq desək, XIII yüzildən etibarən, Rusiyadan Çinə qədər böyük bir ərazinin monqol hakimiyyəti altında birləşməsi uluslararası ticarət üçün əlverişli ortam yaratmışdı. Bununla Azərbaycanın Hindistan və Çin kimi uzaq ölkələrlə əlaqələri xeyli genişlənmişdi. Heç təsadüfi deyil ki, XV yüzildən etibarən Bakıda, Şamaxıda, Təbrizdə və digər iri şəhərlərdə hind tacirlərinin koloniyaları yaranmağa başlamış, karvansaralar tikilmişdi. Hind tacirləri başlıca olaraq Şamaxıda, Ərəşdə və digər yerlərdə xam ipək almaqla məşğul olmuşlar. Təsadüfi deyil ki, Şamaxının Nağaraxana kəndi ilə bağlı əfsanə hindlərlə bağlı olmuş, Hindistanın paytaxı Dehlinin özündə isə qədim “Şamaxı” məhəlləsi mövcud olmuşdu. XVIII yüzildən etibarən Azərbaycan torpağı nəinki hind tacirlərinin, həmçinin, hind zəvvarlarının da ardıcıl gəlib-getdiyi bir yerə çevrilir və bu da sözsüz Suraxanıdakı Atəşgahla bağlı olub.
Bəzi insanlar Atəşgaha tez-tez ziyarətə getsələr də, onun tarixini dərindən öyrənənlərin sayı təəssüf ki, o qədər də çox deyil. Yazılı qaynaqlardan bəlli olduğu kimi, həmin vaxt hind tacirləri Suraxanıda nadir abidə – Od Məbədi və hindli zəvvarlar üçün hücrələr tikdirmişlər. Məbədin ən erkən tikilişi 1713-cü ilə aid olmaqla, mərkəz məbəd-səcdəgahı 1810-cu ildə tacir Kançanaqarın vəsaiti hesabına ərsəyə gətirilmişdir. 1950-ci ildə hind alimi C.M.Unvala Atəşgahdakı 16 kitabənin, o cümlədən farsca kitabənin, özünün təklif etdiyi müxtəsər oxunuşu ilə fotoşəklini dərc etmişdir. İngilis səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd edib ki, bunların da beşi ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu isə 1827-ci ilə aiddir. Kitabələrdə hücrələrin tikintisinə yardım göstərmiş şəxslərin adları xatırlanır. Kitabələrin bəziləri qurmukhi, bəziləri isə naqari şrifti ilə yazılmışdır. Atəşgahda yaşayan hindlilərin çoxu əksərən ölkənin quzeyindən – Lahordan, Tenessirimadan, Kaçbudidən, Multandan gələnlər olmuşlar. Hind tacirlərinin gediş-gəlişi kəsildikdən sonra hind zəvvarları da buraları tədricən tərk etməyə başlamışlar.Çünki onların yaşayışı, əsasən, həmin tacirlərin pul yardımına əsaslanırdı. Sonuncu hindli Atəşgahı 1880-cı ildə tərk etmişdir. Təxminən yüzil sonra isə oraya yenidən bir hindli gəldi. Onun adı İndira Qandi idi. Qandini Bakıya çəkən səbəblərdən biri də elə Atəşgah idi…
Uzun müddət viranə halda olmuş Atəşgah ötən yüzilliyin 70-ci illərində Hindistanın (o vaxtkı) Baş naziri İndira Qandinin Bakıya səfəri ərəfəsində bərpa olundu. Xanım Qandi Atəşgah Ziyarətindən xeyli məmnun qalmışdı… Amma bəlkə o zamana qədər onun özü belə Azərbaycan-Hindstan münasibətləri tarixinin bu qədər uzun illərə dayandığını bilmirdi…
XVI yüzildən etibarən iki dövlət arasında dövlətçilik baxımından önəmli olan siyasi münasibətlər qurulmağa başlamışdı. Bu dönəm Azərbaycanda Səfəvi dövləti, Hindistanda Böyük Moğol imperiyasının yaranması ilə əlamətdar olmuşdur. Dövlətlərin qurucuları – Şah İsmayıl Xətai və Babur Şah öncə müttəfiq olsalar da, tədricən dövlət maraqları ticarət baxımdan strateji önəm daşıyan Qəndəhar şəhəri üstündə pozulmuşdur… və yalnız 1544-cü ildə Moğol hökmdarı Humayun şahın Səfəvi hökmdarı Təhmasib şahdan sığınacaq istəməsi ilə bərpa olunmuşdur. Məhz bu tarixi olay iki dövlət arasındakı siyasi münasibətlərdə dönüş nöqtəsi olmaqla, gələcək mədəni əlaqələrin yaranıb genişlənməsinə təkan verib.
Humayun şah Təbriz sarayına gələnə kimi Şah Təhmasibin göstərişi ilə hər bir əyalətdə əsl hökmdar kimi qəbul edilir, Sultaniyyə yaxınlığındakı Sorluq yaylağındakı şah düşərgəsində yüksək böyük sayğıyla qarşılanır. O dövrün müasirləri bu görüşü “iki parlaq ulduzun birləşməsi” kimi xarakterizə edirlər. Bu görüşün Hindistan tarixi üçün önəmi bəllidir – Şah Təhmasibin göstərişi ilə Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla təqribən 12 minədək qızılbaş ordusu Humayun şahın sərəncamına verilir və məhz bu qızılbaş ordusunun köməyi ilə Moğol hökmdarı 1546-cı ildə Kabildə, 1555-ci ildə isə Dehlidə hakimiyyətini bərpa edə bilir.
XVII yüzildə iki dövlət arasında geniş diplomatik ilişkilər qurulmağa başlanılır. 1611-ci ildə Şah Abbasın elçisi Dehliyə – Moğol sarayına üz tutur və hökmdar Cahangir şah tərəfindən təmtəraqla qarşılanır. 1613-cü ildə Moğol elçisi İsfəhan sarayında qəbul edilir və bundan sonra daha 3 dəfə – 1615, 1616 və 1620-ci illərdə Səfəvi dövlətinin elçiləri Hindistana yollanır.
Tarix gerçəkliyi elə gətirmiş ki, hər iki ölkə, həm Azərbaycan həm Hindistan eyni tarixi olaylarla üzləşmişlər. Dost ölkələrin hər ikisi böyük imperiyaların müstəmləkə mərkəzlərinə çevrilmişlər. Azadlıq mübarizələri, öz müqəddəratını həll etmək, sonda arzu olunan müstəqilliyə nail olmaq kimi yolları keçmişlər. Hindistan müstəqillik əldə etdiyi bir dönəmdə Azərbaycan SSRİ tərkibində mövcudluğunu davam etdirirdi. Bu illərdə qarşılıqlı ilişkilər baxımından olduqca ilginc olaylar yaşanmışdı. İlk olaraq “Hindistan neftinin atası” kimi tanınan Eyyub Tağıyevin adını qeyd etmək yerinə düşərdi. 1955-ci ilin payızında Cəvahirləl Nehru SSRİ Nazirlər Şurasının sədri Kosıginlə görüşü zamanı Hindistanda təbii ehtiyatların tapılması işinə yardım etmək xahişində bulunur. Bu xahişə əsasən, Kosıgin uyğun qrup yaradılmasını tapşırır və o qrupun başında “Şərq adamı”nın durmasının vacibliyini vurğulayır. Qrupun yaradılmasına məsul olan Baybakov ilk olaraq, Eyyub Tağıyevin adını çəkir. Eyyub Tağıyev artıq o vaxt SSRİ məkanında neft sənayesində uğurları ilə tanınmış, 3 qat Stalin ödülünə layiq görülmüşdü…
E.Tağıyevlə C.Nehru arasında 2 dəfə görüş keçirilmişdir. C.Nehru Hindistanın xaricdən hər il 200 milyon. dollar məbləğində neft aldığını və artıq öz neft qaynaqlarına ehtiyac duyduğunu vurğulamışdı: “Biz bilirik ki, ölkəmizdə neft resursları var, lakin bunları aşkara çıxarmaq üçün mütəxəssislərimiz yoxdur”. 1956-cı ilin avqustu Hindistan tarixində neft və qaz sənayesinin yaranma tarixi kimi qeyd edilir. Belə ki, Tağıyevin mülahizələri öz təsdiqini tapmışdır. 1958-ci ilin mayında Pəncabda neft yatağı fontan vurmuşdu. Bu olaya qədər Tağıyev bildrimişdi ki, “Əgər neft vurmazsa, o zaman bütün xərcləri özüm ödəyəcəm”. Lakin neft fantanı vurduqdan sonra ona yüksək məbləğ təklif edildikdə, o, bundan imtina etmiş və Hindistana pul qazanmaq üçün deyil, milli neft sənayesinin yaradılması üçün gəldiyini vurğulamışdı.
1959-cu ilin sentyabrında Mumbai şəhərinin 250 km.-liyindəki neft buruğu fontan vurunca, artıq hindlilər öz neft sənayelərinə sahib olacaqlarına qəti inandılar. Tağıyev isə neft üzrə Hindistan dövlət idarəsinin əsas məsləhətçisi vəzifəsini (ömürlük!) almış oldu.
Hindistanın ən böyük partiyasına rəhbərlik edən Sonya Qandi ilə görüşdə, hökuməti və parlamentindəki söhbətlərdə həm Səfəvilər dövründəki münasibətlər, həm də Hindistan neftinin “azərbaycanlı atası” barədə danışdığımda, böyük ilgi ilə dinləyir və görüşdə iştirak edənlərin çoxu “nə yaxşı, bu barədə danışdınız, münasibətlərimizin bu qədər böyük tarixə malik olduğunu bilmirdik” deyirlər. Əslində, Rəşid Behbudovla Rac Kapur və Nərgiz arasında dostluq da daxil olmaqla, elə bizdə də, bir çoxları Azərbaycan-Hindistan münasibətlərinin bu qədər qədim köklərə, gözəlliklərə malik olduğunu bilmir. Elə mən özüm də, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupuna üzv olduqdan sonra bu barədə geniş maraqlanıb və araşdırma aparana qədər elə də bilgili deyildim… Amma Rac Kapurla Rəşid Behbudovun görüşünü bilirdim. Özündən dinləmək nəsib olan gənclərdən biriydm. “Avara” filminə Azərbaycanda yəqin ki, baxmayan yox idi, bizim uşaqlıq illərindən… Ağlayan, üzülən, duyğulanan nə çox idi… Tərbiyəvi önəmi də az deyildi bu filmin.
Təxminən 50-ci illərdə gəlmişdi “Avara” Azərbaycana. 50-ci illərin yaddaqalan olaylarından biri kimi, əvəzsiz əfsanə Rac Kapurun “Avara” filminin 1951-ci ildə SSRİ kino məkanında nümayişindən sonra, Azərbaycanın əfsanəvi sənətçisi Rəşid Behbutovun onunla görüşmək istəyini bu yerdə qeyd edə bilərik. 1952-ci ildə SSRİ nümayəndə heyəti tərkibində Hindistana səfər edən Rəşid Behbudov Rac Kapurla şəxsən görüşmüş və bu görüş tədricən möhkəm dostluğa çevrilmişdi. Bütün bunların sonucunda R.Behbudov Rac Kapuru və Nərgizi 1956-cı ilin noyabrında Bakıya dəvət edir… və bu görüş o dövrdə böyük rezonansa səbəb olur. Görüş operator Faiq Qasımovun sayəsində kinolentlər vasitəsilə yaddaşlara həkk olunur.
***
İki ölkə arasında siyasi-mədəni əlaqələr Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra yeni bir mərhələyə qədəm qoyur. Hindistan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyır və 1992-ci ilin fevral ayında iki ölkə arasında diplomatik münasibətlər qurulur. 1999-cu ilin martında Bakıda Hindistan elçiliyi açılır. Azərbaycan öz növbəsində 2004-cü ilin oktyabrında Hindistanda öz elçiliyini açır. Qeyd etmək lazımdır ki, elçiliklər ardıcıl olaraq, mədəni tədbirlər keçirir və bununla öz ölkələrinin mədəni irsini, gələnəklərini təbliğ edirlər.
Hər il Bakıda “İndia food” festivalı keçirilməkdədir. Ölkəmizdə böyük bir Hindistan sərgisi açılmışdı. Burada ziyarətçilər hind mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə etmiş oldular.
Azərbaycan-Hindistan münasibətlərinin tarixinə qısa ekskursuia etdikdən sonra Hindistanla bağlı təssüratlarıma qayıdıram…
(Ardı var)