Bu da mənim mövqeyimdir - "Gilyotin"ə göndərməzdən öncə...

  • By admin
  • 27 Dekabr 2016 11:34

kamil-hemzeoqlu

Hamımız “elliklə”-xor kopellası (içi mən qarışıq) kimi məlum şəxsin – Astan Şahverdiyevin (Oqtay müəllim demişkən, Şahdan Asverdiyevin) üstünə düşmüşük haqlı olaraq… Ünvanına demədiyimizi də buraxmamışıq, yenə də əsaslı-haqlı şəkildə…O, bir deputat (necə seçilməyindən asılı olmayaraq) və ən azı Universitet professoru, ali məktəb müəllimi olaraq bu cür və bunabənzər ifadələr işlətməməliydi, buna onun ən azı mənəvi haqqı çatmırdı…Çox böyük xətaya…yol verib…
Ancaq bizlər də (cəmiyyət-toplum olaraq) bir insanı, bir adamı linç etməzdən əvvəl onun müsbət-bilinməyən tərəflərini də tapmalı-ortaya qoymalıyıq, bu, mütləqdir, lazımdır…Ən azı ədalət naminə-hansı ki, onun açarını da cəmiyyət olaraq çoxdan itirmişik, heç tapmaq fikrində-xəyalında da deyilik…Və bizim problemlərimizin, acılarımızın, xətalarımızın kökündə də bu amil dayanır…
20 ildir ki, parlament müxbiriyəm, yekə -təvazökarlıqdan uzaq çıxmasın çox hadisələrin-məqamların da şahidi olmuşam… Elə həm deputatlarla,  elə həm də media mənsubları (daha çox da “asıb-kəsən”ləri) – həmkarlarımla (hamını nəzərdə tutmuram-haqqım da yoxdur) bağlı…Gördüklərimin və bildiklərimin də yüzdə birini yazsam…yəqin ki, tozanaq qopar…Amma və lakin…Yenə mətləbə qayıdıram…
Məsələn, bu illər ərzində Astan Şahverdiyev bəzi deputalardan (mövqeyni, bəzən də simasını dəyişənlərdən…) fərqli olaraq, heç vaxt “bunu kəsin, onu asın, filankəs xalq düşmənidir”- haqlı-haqsız deyənlərdən olmayıb… Kimisə çıxışlarında aşağılmayıb, təhqir etməyib…Şəxsən mən onun parlament və mətbu çıxışlarında buna rast gəlməmişəm…
Və yaxud, bir neçə il öncə (sonuncu prezident seçkilərindən əvvəl) -içərisində xalqımızın böyük əksəriyyət tərəfindən birmənalı qəbul olunan bəzi ziyalılarının da yer alıdığı məşhur Ziyalılar Forumu haqlı-haqsız hücumlara, söyüşlərə, təhqirlərə məruz qalan zaman parlamentin foyesində şahidi olduğum bir hadisə məni əməlli-başlı şok etmişdi…Bir neçə YAP-çı deputat (içərisində də elm adamları vardı) nəsə gərgin müzakirə-mübahisə edirdilər…Birdən Astan müəllim gur səslə “Siyasətçi kimi qəbul etməyə bilərik, mən də bəzi fikirləri ilə razı deyiləm, amma Cəmil Həsənli hazırda Azərbaycan tarix elminin flaqmanıdır, böyük ziyalıdır”- deyərək həmkarlarına etirazını bildirdi və ona qarşı addımların düzgün olmadığını söylədi…Həmkarları da nə qədər onu fikrindən döndərməyə cəhd etsələr də, o, fikrində israr edirdi…
Yəni, bu məqamı xatırlatmaqla onu demək istəyirəm ki, bir adamı-insanı “Gilyotin”ə göndərməzdən öncə bir az geniş düşünək, yanlışlıqda bir naxış da axtaraq…Axı, bunu ata-babalarımız da deyib, hansı ki, onlara hər zaman istinad edirik…Yenə deyirəm, Astan Şahverdiyevi müdafiə etmək fikrindən də bilmərrə uzağam, onun  dediklərini də hər mənada qəbahət sayıram… Amma ona qalsa, o qədər linç olunası, gilyotinə göndəriləsilərimiz var ki… bütövlükdə cəmiyyətimizdə (bunu da təqdir etməsəm belə) …Amma nədənsə onlar haqda danışmır, susuruq…

astan

Kamil HƏMZƏOĞLU

Gununsesi.info