Bu görüş Ermənistana qarşı təcridi daha da dərinləşdirəcək

  • By admin
  • 12 Mart 2018 15:51
Martın 15-də Bakıda  Azərbaycan-Türkiyə-Gürcüstan-İran xarici işlər nazirlərinin ilk toplantısı keçiriləcək. Azərbaycanın üçtərəfli formatda, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan formatında əməkdaşlığı mövcuddur. Lakin dördtərəfli formatda görüş ilk dəfədir keçirilir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da  bu formatda əmədkaşlığın regional əmədkaşlıq baxımından daha fərqli bir format olacağını  qeyd edib.
 Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN başçılarının martın 15-də reallaşacaq görüşünü şərh edən millət vəkili Asim Mollazadə  Gununsesi.info-ya açıqlamasında deyib ki, bu formatda əməkdaşlıq  regional əməkdaşlığı daha da  gücləndirməyə xidmət edir. “O baxımdan da bu görüşdə iqtisadi, enerji və nəqliyyat sahəsində regional əmədkaşlıq məsələləri, həçminin hər bir ölkəni maraqlandıran digər məsələlər müzakirə olunacaq”- deyə, A.Mollazadə  vurğulayıb.
 Deputat hesab edir ki, bunun ən mühüm əhəmiyyətli cəhələrindən biri də  işğalçı Ermənistanın  təcrid siyasətinin dərinləşməsinə xidmət edir. “Ermənistan  beynəlxalq hüquq prinsiplərini  kobud surətdə pozaraq  regionda işğalçılıq siyasəti  yürütdüyündən  onun təcrid olunması vacibdir və bu istiqamətdə siyasət davam etdirilməlidir. Ümumiyətlə Ermənistan  müstəqil dövlət deyil, bölgədə sabitliyi pozmağa xidmət edən bir ölkənin hərbi bazasıdır. O baxımdan da Ermənistanın təcrid olunması siyasəti beynəlxalq hüquq normalarına uyğundur”- deyə, A.Mollazadə bildirib.
Politoloq Qabil Hüseynli Gununsesi.info-ya açıqlamasında bildirib ki,  bölgədə iri  iqtisadi, enerji, tranzit yükdaşımaları üzrə layihələr həyata  keçirilir. “ Logistika sahəsinə aid  Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” nəqliyyat dəhlizi, Avropanın  Rusiyanın qaz asılılığından azaldan TANAP, Cənub Qaz Dəhlizi və sair layihələr həyata keçirilir. Odur ki, İran bu layihələrdə iştirak etməklə üzləşdiyi sanksiyaları yarıb çıxa bilər”- deyə, politoloq vurğulayıb.
Onun fikrincə, İran TANAP-a qoşula bilər və bu layihəyə qoşulmaq daha ucuz başa gələr. “Çünki hələ SSRİ dönəmindən İranla  Azərbaycan arasında qaz kəməri mövcuddur və bu kəmərin bərpasına elə də böyük olmayan maliyyə vəsaiti xərcləməklə Tehran bu kəmərdən faydalana bilər. Digər xüsusi bir məqam isə İran və Azərbaycan Xəzər dənizində mübahisəli hesab edilən ərazilərdə qaz və neft yataqlarını  birgə layihələr həyata keçirə bilər. Başqa bir məqam isə “İpək yolu”ndan tam istifadə edə bilməyən İranın bu layihədə tam iştirakına nail ola bilər”- deyə, o vurğulayıb.
 Ermənistana gəldikdə isə politoloq hesab edir ki, Azərbaycanın bu formatlarda əməkdaşlığı işğalçı Ermənistana qarşı tətəbiq edilən təcrid siyasətini daha da dərinləşdirməyə xidmət edir.
Mürtəza
Gununsesi.info