“Bu rəzaləti hər il Azərbaycana yaşatmayın”

Xəbər verdiyimiz kimi, Bakıda Türkiyənin məşhur “Altın Kelebek” mükafatlandırma mərasimi ilə bağlı konsert proqramı baş tutub. 

Gununsesi.info xəbər verir ki, bəstəkar-müğənni Murad Arif keçirilən tədbiri sərt tənqid edib.

O, sosial media hesabında yazdığı statusda mükafatlandırmada Azərbaycan üzrə ayrılan nominasiyanın düzgün olmadığını vurğulayıb: “Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, filmi, mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir dənə (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyasını açıblar. Hər il Azərbaycandan sanki saç seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyəti olmayan adamları soxuşdurmaq?! Zənnimcə mən də, Hiss də, konkret bir məsələyə aidiyyəti olmayan, bu “təki olsun” kateqoriyasını boykot etməkdə haqlıyıq. “Altın kelebek Azərbaycanın starı” nədir?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə…”

Xatırladırıq ki, M. Arif 2 il öncə sözügedən mükafata namizəd idi və öz istəyi ilə namizədlikdən imtina etmişdi.

Qeyd edək ki, dekabrın 4-də Türkiyədə baş tutacaq mərasimə Azərbaycandan namizədlər – müğənnilər Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli qatılacaq.

Gununsesi.info