Bu sahələrdə kreditlərin verilməsi dayandırılıb - BÖLGÜ

  • By admin
  • 11 Oktyabr 2016 15:27

bank

Bu il iqtisadiyyatın bütün sektorlarında  kredit qoyuluşlarında azalma müşahidə edilir.

Gununsesi.info Mərkəzi  Banka istinadən bildirir ki, ölkə üzrə 16.8 milyard manatlıq kredit qoyuluşlarının 37 faizi istehlak kreditlərinin payına düşür.

Belə ki, bu ilin 8 ayının nəticələrinə görə, ev təsərrüfatları (istehlak) kreditləri 6.2 milyard manat təşkil edib. Yanvarın 1-dən sentyabradək bu istiqamətdə bankların verdikləri kreditlərin həcmi 2.1 milyard manat  və ya 25 faiz azalıb.

Ticarət və xidmət sektoruna yatırılan kreditlərə gəlincə, 2.5 milyard manat və ya ümumi kredit portfelinin 15 faizi olub. Bu istiqamətdə isə səkkiz ay ərzində 654 milyon manat və ya 20 faiz azalma müşahidə edilir.

Digər sahələrdən fərqli olaraq,  “Energetika, kimya və təbii ehtiyatlar” sektoruna yönələn kreditlərin həcmində artım müşahidə edilir.  Statistikaya görə, oktyabrın 1-i üçün enerji sektoruna kredit təşkilatları tərəfindən 370 milyon manat vəsait yönəlib. Bu isə ilin əvvəli ilə müqayisədə 54 milyon manat artım deməkdir.

Postneft dövrü üçün ölkə iqtisadiyyatında ən mühüm sahələrindən sayılan kənd təsərrüfatı sektoru kapital çatışmazlığından əziyyət çəkir. Təəssüf ki, hökumət bu sahəni prioritet saysa da kapitalla təminatında köklü addımlar atılmır. Əksinə, ötən ildən başlayaraq kredit təşkilatları tərəfindən bu sahəyə yönələn vəsaitlərin həcmi azalmaqdadır. Belə ki, 8 ayın nəticələrinə görə, 400 milyon manatdır. İlin əvvəlindən hesabat dövrünədək kənd təsərrüfat sektoruna qoyulan kreditlərin həcmi 108 milyon manat və ya 21.2 faiz azalıb.

Tikinti sektoruna gəlincə, burada isə banklar tərəfindən yatırılan kreditlərin həcmi 1 milyard manat və ya 34 faiz azalıb. Belə ki, səkkiz ayın nəticələrinə görə, inşaat sahəsinə verilən kreditlərin həcmi 2 milyard manat olub. Bu isə, ümumi kredit portfelinin 12 faizini təşkil edir.

Sənaye və istehsal sektorunda da kredit yatırımlarında azalma müşahidə edilir.  Yanvar-avqust aylarında istehsal sahəsinə 1.3 milyard kredit qoyulub ki, bu da ilin əvvəlinə nisbətən 627 milyon manat azalma deməkdir.

Banklar tərəfindən “Rabitə və nəqliyyat” sektoruna verilən kreditlər 1.1 milyard manat təşkil edib.  Yanvarın 1-nə olan məlumata görə isə bu rəqəm 1.4 milyan manat olub.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info