Büdcədən maliyyələşən təşkilatlarda çalışanların maaşları artırılsın - TƏKLİF

  • By admin
  • 22 İyun 2018 17:30

Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. 

Gununsesi.info məlumat verir ki, bunu Milli Məclisin (MM) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.

Millət vəkili deyib ki, bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir:

“Çünki bu nəticə etibarilə korrupsiyanın baş verməsinə şərait yaradır”.

Millət vəkili dövlət zəmanəti ilə götürülən vəsaitlərin, kreditlərin taleyi məsələsinə toxunub.

“Bu məsələdə çox ciddi problemlər var. Çünki bir çox qurumlar bu məsələdə şəffaflığa əməl etmirlər, həmin vəsaitləri təyinatı üzrə sərf etmirlər. Ona görə də bu məsələnin ciddi təhlili lazımdır”.

Ə. Məsimli dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılmasını təklif edib:

“Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əməkhaqları çox azdır”.

Gununsesi.info