Bundestaqın qəbul etdiyi qətnamə səmimiyyətdən xəbər vermir - DEPUTAT

  • By admin
  • 01 İyul 2017 13:28

fazil

Almaniya parlamenti (Bundestaq) iyunun 29-da Avropa Birliyinin Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı qətnamə qəbul edib və sənəddə tərəfdaş ölkələrə islahatların davam etdirilməsi vacib sayılır.

Qətnamədə Şərq Tərəfdaşlığı üzrə ölkələrə Rusiyanın təsirindən və Moskvanın bu ölkələri öz nüfuz dairəsində saxlamağa çalışması, onların Avropa Birliyinə inteqrasiyasına mane olmasından bəhs olunur.

Sənəddə eyni zamanda, Avropa Birliyi-Azərbaycan münasibətlərinə ayrıca yer ayrılıb. Bildirilir ki, Azərbaycan 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramına qoşulsa da, Avropa Birliyi ilə genişmiqyaslı münasibətlərin qurulmasına çalışmayıb.

“Bu ölkə Avropa Birliyi ilə münasibətləri enerji və ticarət sahələrilə məhdudlaşdırmağa çalışıb. Hesab edirik ki, Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədlərdə demokratiya və insan hüquqları məsələsinə enerji məsələsi qədər böyük önəm verilməlidir”.

Bundestaqın qəbul etdiyi qətnaməyə mövqeyini Gununsesi.info-ya açıqlayan millət vəkili Fazil Mustafa bildirib ki, əgər Almaniya Azərbaycana inteqrasiyasının güclənməsini istəyirsə, o zaman ilk olaraq Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hüquqlarının müdafiəsi istiqamətində real addımlar atsın.

“Hələ insan haqları və demokratiyanı bir yana qoyuram. Almaniya Ermənistanın Dağlıq Qarabağı və digər ərazilərimizi işğal etməsi ilə bağlı təzyiqlə bağlı məsuliyyəti öz üzərinə götürərək, belə bir prosesə start verməlidir. Yəni Almaniya Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq bu ölkəyə sanksiya tətbiq etsin. Və Almaniya bununla sübut etsin ki, həqiqətən də Azərbaycanın həyatı əhəmiyyət daşıyan Qarabağ və təcavüzə məruz qalmasi ilə bağlı məsələsində onun yanındadır, bu problemin həllində maraqlıdır. Əgər Almaniya  belə bir mövqe sərgiləyərsə, o zaman Bundestaqın qəbul etdiyi sənədə tamamilə fərqli bir yanaşma olar”- deyə, F.Mustafa vurğulayıb.

Deputat əlavə edib ki, Almaniya belə bir addımı atmadan Azərbaycanı insan haqları və demokratiya məsələsində ittiham etməsi, yaxud da Rusiyanın keçmiş postsovet ölkələrinə, o cümlədən Azərbaycana təzyiqindən danışması səmimilikdən xəbər vermir: “Hər halda mən bu məsələlərdə səmimi görünməyin tərəfdarıyam. Çünki bu gün Azərbaycanda belə bir vəziyyətin yaranması məhz Almaniya və Avropa Birliyi ölkələrinin yürütdüyü siyasətin nəticəsidir. Türkiyəyə qarşı yürüdülən siyasət Ankaranı Moskvaya, Azərbaycana qarşı yürüdülən siyasət isə Bakını Moskvaya yaxınlaşmağa vadar etdi. Bütün bunlar Avropa ölkələrinin yürütdüyü siyasət nəticəsində olub. Bu siyasət Azərbaycanı özünə digər müttəfiq axtarmasına vadar edib. Azərbaycan da müstəqil ölkədir, öz çıxarları var və öz çıxarlarına uyğun olaraq siyasətini qurur”.

Deputat deyib ki, bu gün Avropa ölkələri ermənilərin xətrinə dəyməsin deyibən, uydurma erməni soyqrırımı ilə bağlı qərarlar verirlər və sonrda “bizimlə dost ol” deyirlər: “Axı mən səninlə necə dost ola bilərəm ki, ermənini sevindirmək üçün baş verməyən hadisə haqqında qərar qəbul edirsən, sonra da məndən dostluq münasibətini qurmağı tələb edirsən. Bu məntiqə uyğun deyil. Mən səninlə necə dost ola bilərəm. O baxımdan da Almaniyanın Azərbaycanla bağlı demokratiya və insan haqları ilə əlaqədar qəbul etdiyi qətnamənin şərtləri səmimiyyətdən xəbər vermir”.

“Rusiya postsovet ölkələrinin Avropaya inteqrasiyasının əleyhinə olub” 

 

mehman

Politoloq Mehman Əliyev isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Rusiya hər zaman keçmiş SSRİ ölkələrinin Avropa ölkələri ilə əməkdalığına və inteqrasiya olunmasına əngəl olub. “Buna Ukraynanı, Gürcüstanı, Azərbaycanı və digər ölkələri misal çəkmək olar. Azərbaycanla Avropa Birliyi arasında 2015-ci ildə sənəd imzalanmağa hazırlansa da, Rusiya buna imkan vermədi. Yəni Rusiya postsovet ölkələrinin Avropaya inteqrasiyasında maraqlı olmadığından öz təsir dairəsində saxlamaq üçün yürütdüyü siyasət bəllidir və bu siyasət bu gün də davam edir”- deyə, M.Əliyev vurğulayıb.

Bununla belə M.Əliyev əlavə edib ki, Azərbaycanın Avropa ölkələri ilə təkcə iqtisadi sferada deyil, eyni zamanda demokratiya və insan haqlarının inkişaf etdirilməsi sahəsində də əməkdaşlıq edir: “1996-ci ildən etibarən Azərbaycanla Avropa strukturları arasında imzalanan bütün sənədlərdə digər sahələrlə yanaşı, demokratiya və insan haqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi komponentləri öz əksini tapıb. İmzalanan sənədlərə əsasən Azərbaycan demokratiyanın inkişaf etdirilib, insan haqlarının müdafiə olunması sahəsində üzərinə öhdəliklər götürüb. Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində də Azərbaycan demokratiya və insan haqları sahəsində bir sıra öhdəliklər üzərinə götürüb. Burada əsas problem Azərbaycanın bu sahələrdə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə bağlıdır. Bax, söhbət bundan getməlidir”.

M.Əliyev bildirib ki, 2014-cü ildən ölkədə başlayan və bu gün də davam edən böhranın kökündə bu məsələ dayanır.

Mürtəza Bünyadlı

Gununsesi.info