
On səkkiz yaşında seçmək hüququ olan şəxsin niyə də seçilmək hüququ olmasın. Bunu Gununsesi.info–ya açıqlamasında millət vəkili Çingiz Qənizadə Konstitutsiyaya nəzərdə tutulan dəyişikliklərə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin qanunvericilik səlahiyyətindən istifadə edərək Konstitusiya məhkəməsinə referendum keçirilməsi barədə müraciət etmək hüququ var. “Konstitutsiya məhkəməsi də öz növbəsində prezident tərəfindən daxil olan layihəyə baxıb bir həftə ərzində referendumun keçirilib-keçirilməməsi ilə bağlı qərar qəbul etməlidir”- deyə millət vəkili vurğulayıb.
Millət vəkilinin fikrincə, Konstitutsiyaya təklif olunan dəyişiklik və əlavələr ölkə başçısının daha səmərəli idarəetməni həyata keçirməsinə xidmət edir. Konstitutsiyaya dəyişiklikləri zəruri edən hərəkətləri izah edən millət vəkili deyib ki, dünya praktikasında belə hallar var və bu praktikadan istifadə edilərək Azərbaycanda da tətbiq edilməsi nəzərdə tutulur. “Layihədə əsas müzakirə predmeti olan məsələlərdən biri prezidentin fəaliyyətinin 5 ildən 7 ilədək artırılması ilə bağlıdır. Hesab edirəm ki, bu uğurlu bir təklifdir. Bu həm idarəçilik institutunun daha da möhkəmlənməsinə, qarşıya qoyulan hədəflərə nail olunması baxmından ən uyğun müddətdir. Digər bir məsələ prezidentliyə namizədin 35 yaş həddinin aradan qaldırılması ilə bağlıdır. Burada da hər hansı ziddiyyət yoxdur. Əgər Azərbaycanda 18 yaşnda insann seşmək hüququ tanınırsa, onda niyə, 18 olanda olan şəxsin seşilmək hüququ olmasın?. Əksinə bu vətəndaşın hüquq və azadlıqlarını daha geniş formada təmin edən müddəadır”- deyə, millət vəkili vurğulayıb.
Deputat əlavə edib ki, digər dəyişikliklərdən biri də yeni vitse-prezident institutunun yaradılması ilə bağlıdır: “ Bu da normal təklifdir və dünyanın bir çox demokratik ölkələrində bu institut mövcuddur. Bu prezident komandasının daha mobil, operativ qaydada idarəetməsinə xidmət edir. Burada müsbət məqam ondan ibarətdir ki, prezident öz fəaliyyətini icra edə bilmədikdə birinci vitse-prezident onun vəzifəsini icra edir. Əvvəlkindən fərqli olaraq prezident səlahiyyətini icra edən şəxs seçkilər 3 aya deyil, 60 gün müddətinə keçirilməsini təmin edir”.
Ç.Qənizadə onu da qeyd edib ki, Konstitutsiyaya nəzərdə tutulan dəyişikliklərin böyük bir qismi insan hüquq və azadlıqlarının daha təkmil formada təmin olunmasına yönəlib. “Ümumilikdə isə onu demək olar ki, Konstitutsiyaya təklif edilən dəyişikliklər uğurlu iqtisadi islahatlarla parlalel olaraq, səmərəli daxili və xarici siyasətin həyata keçirilməsinə xidmət edəcək”- deyə Ç.Qənizadə qeyd edib.
Mürtəza Bunyadlı











