Çingiz Sultansoyun 70 illiyidir - ÖZÜ YAZIR/ FOTO

  • By admin
  • 24 Oktyabr 2022 10:55
Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan tanınmış jurnalist Çingiz Sultansoy özünün 70 yaşını qeyd edir.
Gununsesi.info onun öz yubileyi üçün sosial şəbəkə hesabında yazdığı  “70 illiyim qarşısında” adlı yazısını təqdim edir.
Bu şəkil düz 50 (əlli) il öncə, 1972-nin yayında Azərbaycanın Quba rayonunda, Nügədi-2 kəndinin yaxınlığında, ADU-nun, – indiki BDU, – tələbə çadır düşərgəsində çəkilib. Mən mexanika-riyaziyyat fakültəsinin üçüncü kursunu bitirmişəm, 8-10 il sonra jurnalistika və ədəbiyyat yoluna qədəm qoyacağımı desəniz, üzünüzə gülərəm. Bu həyatdır, adamın ağlına gəlməyən şeylər başına gəlir. Yanımdakı qız isə o vaxt biofakın ikinci kursunu bitirən, şəkil çəkilən vaxt Qubada kursu ilə birlikdə praktika keçən, uzun dörd il sonra soyadını dəyişərək Sultanova olacaq Zöhrə Axundovadır. Mən isə düşərgəyə onu görməyə gəlmişəm, burada beş-altı gün qalacam.
Bu qız bir-iki ay öncə yazılan, burada Facebookda çap olunan “Zöhrə” hekayəsinin, 1983-85-ci illərdə yazılan “Evimiz, doğma evimiz” hekayəsindəki İrşad və cünbəcüş Ərşadla liftli evə qonaq gedən cavan gəlin, 1980-cı ildə yazılan, 1986-da “Ulduz” jurnalında çap olunan, 1970-cilərin bir Love Story-si olan, “Rasömon” hekayəsinin iki qəhrəmanından biri olan qızdır.
O vaxtlar rəngli foto Bakıda hələ nadir bir nəsnə hesab olunurdu. Misal üçün, 1976-da toy şəkillərimiz ağ-qara olacaq. Amma dostum Əkrəm bu rəngli şəkli bizə və sizə – mənim dostlarıma, frendlərimə, dəyərli oxucularıma hədiyyə edə bilib. Yeri gəlmişkən, əynimdəki sarı T-Short da, – o vaxt ona “mayka” deyirdik, – Əkrəmindir, mənim deyil, bu şəkildə daha “modnı” – modern, dəblə geyinən oğlan görünmək üçün geymişəm.
Bu şəkil çəkilən zaman qızı bir ildi tanıyırdım, – onunla tanış olmağımı 25-30 il öncə yazmışam, amma çap olunmadı, itə-bata düşdü, – bir yerdə kinoya, teatra, konsertlərə, sərgilərə, kafelərə, bulvara, Bakımın parklarına gəzməyə gedirik. Həyat yollarında beləcə əl-ələ addımlayacayıq, çətinliklərlə də üzləşəcəyik, İrşadla Ərşadın prototipi olan iki qız böyüdəcəyik, iki nəvəmiz olacaq, amma bunlardan hələ xəbərsizik. Sadəcə gələcəyimizə, xoşbəxt olacağımıza inanırıq. Ayrı nə cür ola bilər ki?
Amma bu həyatdır, kino deyil, yalnız qələbələrdən və uğurlardan ibarət deyil, Hollivud filmlərindəki kimi də sonu “Happy end”lə bitmir. 2016-cı il, martın 2-də mən Almaniyaya mühacirətə gedənə qədər bir yerdə olacağıq, ondan sonra da telefonla uzun müddət danışacağıq, amma yollarımız yavaş-yavaş ayrılacaq…
Foto Акрам Bünyadzadənindir.
Var ol, əziz Əkrəm!
Bu şəkildəki gəncliyim, Zöhrənin gəncliyi üzümə gülür, amma mən heç gülümsəmirəm…
Çingiz Sultansoy
Gununsesi.info