
Bəlli olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Dəmirbank” ASC-nin lizensiyasını ləğv etdi. Xatırladaq ki, bu bankın əsas səhmdarları 25 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı və 10 faizlə Hollandiya Maliyyə Şirkəti hesab edilir.
Maraqlıdır, görəsən ölkənin iri banklarından biri hesab edilən “DəmirBank”ın bağlanma səbəbi nədir?
Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayevə istinadən xəbər verir ki, “Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən, aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb:
“9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10%-dən bir az çoxdur”.
R.Ağayev düşünür ki, “Dəmirbank” ölkənin ən uzunömürlü banklarından biridir : “Yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir.
Rəqəmlərdən görünür ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib.
Böyük neft pulları dövründə – bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank, əsasən, istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib”.
“Azərbaycan bankları ölkədə rəqabətli bank sektorunun, bank sektorunu ayaqda saxlayan rəqabətli və inkişafda olan real sektorun, bir də risk menecmentinin yoxluğunun qurbanlarıdırlar. Ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resurlar üzərində sahib olduqları hökmran gücün sayəsində ayaqdadırlar”-iqtisadçı deyir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayarmov isə bildirir ki, “Dəmirbank”ın bağlanması gözlənilən qərardır: “Çünki artıq xeyili müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi. Ötən həftə “axsayan banklardan” yazanda bildirmişdim ki, öz fəaliyyətlərini yerinə yetirə bilməyən banklar var və onların sağlamlaşdırılması lazımdır. Belə bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanması uzun müddətdir ki, təklif etməyimizə baxmayaraq, təəssüf ki, palata tərəfindən bu istiqamətdə hələlik real addımlar atılmayıb“.
İqtisadçıya görə, yeni bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlər ilə yanaşı, bankların konsolidasiyasının, demək olar, mümkün olmadığından xəbər verir: “Halbuki konsolidasiya prosesi dəstəklənməli və eləcə də belə bankların sağlamlaşdırılması müflis elan olunmaların və xüsusən də bank sektoruna olan inamın azalmasını qarşısını alar.
Müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır. Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu yaxşıdır. Amma qorunmayan əmanətlərin taleyi necə olacaq? Müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib. Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var”.
Vüsalə
Gununsesi.info












