“DəmirBank”ın əmanətçilərinə qaytarılan vəsaitin məbləği açıqlandı

  • By admin
  • 04 Aprel 2018 15:12

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə 45,5 milyon manatdan artıq kompensasiya ödəyib.

Gununsesi.info Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, kompensasiyaların ödənilməsinə 1 fevral 2018-ci il tarixindən başlayıb.

ƏSF ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “Kapital Bank” ASC-nin 26 filialında aparılır.

Ləğv prosesində olan “Dəmir Bank” ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.

Gununsesi.info