Deputat pensiya artımından DANIŞDI -FOTO

“Vətəndaşların sosial rifahının qorunması və gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, 2019-cu ildən başlayaraq İlham Əliyev tərəfindən dərin sosial islahatlar aparılır:

“Bu müddətdə ümumi dəyəri 7 milyard 500 milyon manat olan dörd islahat zərfi qəbul olunub. Demək olar ki, bu bütün vətəndaşları əhatə edir. Sonuncu islahat zərfi bu ilin yanvar ayında olub. Sonuncu  islahat paketi üçün də əlavə olaraq illik 750 milyon manat nəzərdə tutulub. Bu da 1,9 milyona yönələn sosial ödənişlərin artırılmasını təmin edir”.

O qeyd edib ki, minimum əməkhaqqının 300 manatdan 345 manata qaldırılması 700 mindən çox vətəndaşın maaşına birbaşa təsir etmiş oldu:

“1 fevral 2023-cü il tarixindən başlayaraq pensiyanın minimum məbləği də artıq 240 deyil, 280 manat təşkil edir. Bu da 100 mindən çox vətəndaşın pensiyasının artmasına səbəb olacaq. Təxminən 17 faizlik artım müəyyən oldu. Orta aylıq pensiyanın da məbləği bu il təxminən 423 manat təşkil edəcək ki, ötən illə müqayisədə 20 faiz çoxdur. Azərbaycan pensiyaların alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci, nominal məbləğinə görə ikinci yerdədir”.

Deputat əlavə edib ki, bu il İlham Əliyevin digər sərəncamı ilə pensiyaların sığorta hissəsi təxminən 15 artırılıb:

“Pensiya sahəsində aparılan dərin islahatlar vətəndaşlarımızın sosial rifah halına xidmət edən uğurlu addımlardır”.

Gununsesi.info