Deputatların etik davranışını tənzimləyən qanun millət vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli Milli Məclisdə hazırlanan və deputatların etik davranış qaydalarını tənzimləyən qanun layihəsi haqqında mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, artıq etika ölkədə mənəvi kateqriyadan çıxıb hüquqi bir məsuliyyət davranış qaydasına keçəcək:
“Mən bununla bağlı Milli Məclisin son plenar iclasında bələdiyyələrin etik davranış qaydaları ilə bağlı məsələyə mövqeyimi açıqlayarkən dedim. Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun olaraq da qanun hazırlanmalıdır. Geriyə yol yoxdur.
Baxmayaraq ki, mən hələ referendumdan öncə belə bir maddənin Konstitutsiya dəyişikliyinə salınmamasını təklif etmişdim. Ancaq artıq bu məsələ Konstitusiyaya görə, deputata etik davranış qaydası üçün hüquqi məsuliyyətin nəzərdə tutulmasını özündə ehtiva edir”.
Millət vəkili əlavə edib ki, etik davranış qaydasına görə, hüquqi məsuliyyət məsələsi dünyanın heç bir yerində yoxdur.
T. Kərimli deyib ki, əgər etik davranış hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi izahı verilməlidir.
“Bu gün bələdiyyə üzvünə, deputata fəaliyyətinə görə etik qaydalar tətbiq edilirsə, sabah da digər sahənin əməkdaşına qarşı belə qayda müəyyən olunacaq. Əgər etik davranış məsələsi ümummilli məslədirsə, gəlin o zaman sovet dövründə necə kommunizmin etik kodeks qaydaları vardı, o cür də hamıya şamil ediləcək ümummili bir etik davranış qaydaları müəyyən edək. Hamı da buna riayat etsin və hamı eyni hüquqa malik olsun. Yoxsa, bələdiyyə üzvü etik davranış qayadaaına pozduğuna görə, töhmət və ya xəbərdarlıq alır, deputatın isə hətta, fəaliyyətinə xitam verilir, bu, düzgün deyil”- deyə, millət vəkili vurğulayıb.
T. Kərimli əlavə edib ki, bu qanunun qəbulu avtomatik qaydada deputatın fəaliyyətini məhdudlaşdıracaq:
“Yəni, deputat hər çıxışına və işlətdiyi ifadəyə görə, hər an cəza alacağını əvvəlcədən göz önünə almış olur. Baxmayaraq ki, xarici ölkələrdə deputatlar arasında hətta, dava düşür və buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar”.
Deputat bu baxımdan təklif edir ki, deputat etik qaydaları pozarsa, o zaman ən pis halda ona ictimai məzəmmət olsun.
“Əks halda hüquqi məsuliyyət deputatı hər zaman pressinq altında saxlayacaq. Ona görə də deputatın etik davranış qaydalarını pozduğuna görə, hüquqi məsuliyyətə cəlb olunması düzgün yanaşma deyil. Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz oxdur. İş bununla bitməyəcək, bu cəzaya görə deputatın sonrakı taleyi də sula altında qalmış olacaq. Yəni deputat gələcəkdə pensiya təminatından, siyasi və digər təminatlardan məhrum olacaq. Bu baxımdan hesab edirəm ki, qanun layihəsi hazırlanarkən bir çox məsələlərə həssas yanaşılmalıdır”.
Millət vəkili geriyə yolun və bunun mexanizminin mümkün olmadığını da dilə gətirib.
O, deyib ki, bunu ancaq yenidən referendumla etmək olar:
“ Bircə o qalır ki, qanun hazırlanarkən hər məsələyə çox həssaslıqla yanaşılmalıdır”.
Mürtəza
Gununsesi.info