“Əgər Azərbaycanda savadlı hüquqşünaslar, iqtisadçılar yoxdursa, bu ölkədə o islahatları kimlər, hansı mütəxəssislər həyata keçirəcək?!”
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibəsində 2017-ci ilin büdcəsi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.
O, deyib ki, Azərbaycanda dövlət idarəetmə xərclərini, dövlət məmurlarının sayını 30 faiz azaltmaq mümkündür.
2017-ci ilin büdcəsinin əleyhinə səs verdiyini dilə gətirən millət vəkili hesab edir ki, büdcə vəsaitləri ədalətli bölüşdürülməyib.
“Amma hər halda büdcə qəbul olunub. Hökumət çalışmalıdır ki, büdcəni icra etsin və islahatları sürətləndirsin. İslahatların aparılması istiqamətində “ Strateji yol xəritələri” təsdiqlənib. Biz partiya olaraq yol xəritələrinin təsdiqlənməsini alqışladıq. On bir istiqamət üzrə yol xəritəsi hazırlansa da, təəssüf ki, elm və təhsili inkişafı üzrə yol xəritəsi yoxdur”- deyə,millət vəkili vurğualyıb.
Q.Həsənquliyevin fikrincə, elm və təhsili inkişaf etdirmədən ölkədə ciddi nailiyyətlərə imza atmaq mümkün deyil:
“Vaxtilə hörmətli Ramiz Mehdiyev deyirdi ki, işə qəbul etməyə savadlı hüquqşünas tapa bilmir. Bu yaxınlarda Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da savadlı iqtisadçı tapa bilmədiyini deyirdi. Əgər savadlı hüquqşünaslar, iqtisadçılar yoxdursa, bu ölkədə o islahatları kimlər, hansı mütəxəssislər həyata keçirəcək?!”.
Millət vəkili təklif edir ki, elm və təhsilin inkişafı ilə bağlı Dövlət Komissiyası yaradılmalı, həmçinin xarici dillərin öyrədilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul edilməlidir:
“ Xaricdə təhsillə bağlı ayrıca xüsusi dövlət proqramı qəbul edilməlidir. Belə bir Proqram vardı, 2015-ci ildə başa çatdı. Proqramda 5 min nəfərin xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulsa da, təqribən 3 min 700 adam göndərildi. Bizim hökumət 7 il ərzində 5 min nəfər tapıb, xaricdə təhsil almağa göndərmədi. Sağ olsun, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra axırıncı illərdə xarici ölkələrə təhsil almağa göndərilənlərin sayı 2 dəfə artdı. Amma 2015-ci ildə Proqramın vaxtı qurtardı, yenə də 5 min nəfərə çatmadı. Hazırda maliyyə çatışmazlığı olsa da, xaricdə təhsillə bağlı yollar da var. Ən azı hər il 100 nəfəri dövlət hesabına xaricə təhsil almağa göndərmək olar. Qalan bir neçə yüz nəfər gəlincə, məsələn, iri şirkətlər öz kadr tələbatlarını təmin etmək üçün xaricə təhsil almağa gənclər göndərə bilərlər. Tutaq ki, vergi güzəştləri də nəzərdə tutmaq olar. Yəni xaricdə bir neçə tələbəni oxudan şirkətlərə müəyyən vergi güzəştləri nəzərdə tutula bilər. Beləliklə, şirkətlər xaricdə təhsil alanları maliyyələşdirsinlər, o uşaqlar nüfuzlu, reytinqli universitetlərdə təhsil alsınlar”.
Millət vəkili təhsil sahəsində islahatların tərkib hisəsis kimi dövlət universitetlərin də özəllşədirlməsini təklif edir:
“Mən hesab edirəm ki, bir-iki universitet istisna ilə, Azərbaycanda dövlət universitetləri təcili surətdə özəlləşdirilməlidirlər. Universitetlər özəlləşdiriləndən sonra sual ortaya çıxacaq ki, universitetlər pulu olanda kasıb uşaqları necə olsun?! Təhsil Konsepsiyasında əksini tapmalıdır ki, təhsil kreditləri verilsin. Yəni universitetə qəbul olan istənilən şəxs qəbul kağızını banka verib, 25 il müddətinə çox cüzi bir faizlə təhsil krediti almalıdır. O pulu götürüb öz təhsilinə verən tələbə başa düşəcək ki, həmin pulu gələcəkdə qaytarmalıdır. Ona görə də çalışacaq ki, yaxşı oxusun, yaxşı mütəxəssis olsun və o pulu gələcəkdə qaytara bilsin”.
Gununsesi.info