
Son dövrlərdə erməni hərbi birləşmələrinin cəbhə xəttində davamlı təxribatlara əl atmasının arxasında ciddi məkrli planların olmasından xəbər verir. Erməni hərbi birləşmələri beynəlxalq hərb qaydalarını və konvensiyaları kobud surətdə pozaraq dinc sakinləri hədəf seçməsi onların insanlığa sığmayan vandal hərəkətlərinin bariz göstəricisidir. Erməni hərbi birləşmələrinin son bir ayda cəbhə xəttində yaşayan dinc sakinləri hədəf seçməsi isə bir məqsədə – Necə olursa-olsun danıqşıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamağa xidmət edir. Elə avqustun 7-də erməni hərbi birləşmələri Tovuz rayonu Qaralar kənd sakini, 13 yaşlı Ramil Yusubovu yaralayıb. Ancaq yenə də beynəlxaql aləm ermənilərin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasına göz yumdu. Beynəlxalq aləmin ermənilərin dinc sakinlərə qarşı bu vandal hərəkətinə seyirci qalması Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb olub.
Məsələ ilə bağlı millət vəkillərinə müraciət etdik. Millət vəkili Sevinc Fətəliyeva ermənilərin dinc sakinləri hədəf seçməsinə mövqeyini açıqlayarkən Gununsesi.info-ya bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumları vandalizmin nümunəsi olmaqla yanaşı, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: “Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan təxribatçı hərkətlərini davam etdirir və bu, zaman-zaman işğalçı ölkənin Azərbaycanın mülki əhalisinə hücumları formasında özünü göstərir”. Onun sözlərinə görə, erməni vəhşiliyinin nəticələri göz qabağındadır.
“Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunda 13 yaşlı Ramin Yusifovun xəsarət alması bu vəhşiliyin növbəti nümunəsidir. Dünya ictimaiyyəti işğalçı Ermənistanın vandalizm aktlarını görür və bütün bunların beynəlxalq hüquq normalarına, insan hüquqlarına zidd olduğunu bilir. Belə olan halda, dünya ictimaiyyəti – ayrı-ayrı beynəlxalq təşkilatlar Ermənistana qarşı müvafiq tədbirlər görməli, işğalçıya təsir və təzyiqlər göstərilməlidir. Bu, beynəlxalq hüququn tələbidir”- deyə, S.Fətəliyeva vurğulayıb.
Millət vəkili Aydın Hüseynov isə bildirib ki, 13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır.
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfinin dinc əhalini hədəfə alması artıq adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını pozurlar: “Tovuz rayonunun Qaralar kəndi və sərhəddə yerləşən digər ərazilərdə yaşayan dinc sakinlər Ermənistan tərəfindən mütəmadi atəşə tutulur. Ermənilər bu hərəkətləri ilə gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışırlar. Bu təxribatların baş verməsinin əsas səbəbi isə Ermənistanın beynəlxalq səviyyədə həmin əməllərə görə cəzalandırılmamasıdır”.
Deputat bildirib ki, 2 yaşlı Zəhranın öldürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi, Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi: “13 yaşlı Ramil Yusibovun yaralanması isə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verib. Bu fakt bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və torpaqlarımızın işğalı üzərində qurub. Çox təəssüf ki, bu cür əməllərinə görə ATƏT-in Minsk Qrupu başda olmaqla, beynəlxalq səviyyədə Ermənistana yetərincə təzyiqlər olunmur. Onlar isə bu təxribatçı əməllərinə davam edirlər”.
Məsələyə mövqeyini bildirən deputat Hikmət Babaoğlu da hesab edir ki, ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir.
H.Babaoğlu qeyd edib ki, dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür: “Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır. Sərhədboyu bölgələrdə dinc əhaliyə qarşı vəhşilik etməklə Ermənistan acizliyini nümayiş etdirir. Dinc əhalini atəşə tutmaq faşistlərin işidir”.
Deputat hesab edir ki, ermənilərin Azərbaycanın Tovuz rayonunda törətdikləri təxribata beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “Beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı mövqe bildirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni silahlı birləşmələri hələ də dinc azərbaycanlıları atəşə tutmaqdadır. Ermənistanın təxribatları cavabsız qalmayacaq. Azərbaycanın güclü ordusu var. ATƏT-in Minsk Qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər. Çünki belə hallar Azərbaycan tərəfini məcbur edir ki, öz torpaqlarını işğaldan azad etsin”.
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini – 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mürtəza
Gununsesi.info











