Deputatlar ziddiyətli qanunu niyə qəbul edib? - EKSPERT RƏYİ

  • By admin
  • 01 Fevral 2023 15:20

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunu qəbul edəndə deputatlar hara baxıblar, nə fikirləşiblər?

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun çox ziddiyyətli, qüsurlu, həm də Konstitusiyaya zidd olan bir normativ hüquqi aktdır.
Bu Qanunda evi, mənzili olmayan vətəndaşların yaşayış yeri üzrə qeydiyyat məsələsinə dair heç bir konkret norma yoxdur. Qanun sadəcə tələb edir ki, vətəndaş istəsə də, istəməsə də, mütləq əvvəlcə yaşayış yeri üzrə hansısa evə daimi qeydiyyata düşməlidir. Bu o deməkdir ki, evsiz bir adam kirayədə qaldığı evdə daimi qeydiyyata düşməlidir. Biz də bilirik ki, heç kəs kirayəçini öz evinə daimi qeydiyyata salmır. Beləliklə də, bu Qanun evsiz-eşiksiz vətəndaşları, yəni ev ala bilməyən vətəndaşları faktiki olaraq cəmiyyətdə dost-tanış arasında dəyərsiz hala salmış olur. Qanun vətəndaşdan tələb edir ki, qeydiyyata düşmək üçün öz adında mütləq evə və ya mənzilə malik olmalı və yaxud qohumun və ya dostunun evindən istifadə etməlidir.
Nəticədə evi olmaya
n vətəndaş qeydiyyatsız yaşamalı olur, və şəxsiyyət vəsiqəsi götürə bilmir. Şəxsiyyət vəsiqəsi olmayan vətəndaş isə heç bir iş görə bilməyəcək, notarial hərəkətlərin aparılmasındaiştirak edə bilməyəcək, alqı-satqı əməliyyatlarında iştirak edə bilməyəcək, bankdan kredit götürə bilməyəcək, öz adına VÖİN açıb sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcək, dükandan kreditə telefon ala bilməyəcək, nikaha daxil ola bilməyəcək, TƏBİB-in qaydalarına görəyerli poliklinikalarda müalicə ala bilməyəcək, əməliyyat oluna bilməyəcək və s. Bir sözlə, Qanun evsiz vətəndaşı çıxılmaz vəziyyətə salıb. Tutaq ki, hansısa vətəndaşın ev almağa, mənzil almağa pulu yoxdur, onda vətəndaş nə etməlidir? Ya gərək hansısa dosta, qohuma yalvarmalıdır, ya da qeydiyyatsız yaşamalıdır. Qanun faktiki olaraq vətəndaşı Konstitusiyada təsbit edilmiş bir çox hüquqlardan istifadə etməkdən məhrum edir. Bu gün 350-500 manat əmək haqqı olan vətəndaş necə mənzil alsın?

Vətəndaş qeyddiyyatsız yaşayıb ayda 100 manat kənara qoymaqla 20 ilə 24 min manat yığıb, ucuz bir mənzil almaq istəsə də, yenə də ala bilməyəcək, çünki şəxsiyyət vəsiqəsiz alqı-satqı əməliyyatında iştirak edə bilməz. Belə çıxır ki, vətəndaş başqa qanunsuz və ya öz iradəsinin əleyhinə olan yollara əl ata bilər. Burada yüzlərlə hüquqi suallar ortaya çıxır.

Daimi qeydiyyatı olmayan vətəndaş seçmək və seçilmək hüququndan məhrum olunur. Əvvəllər vətəndaşlar yerli polis orqanlarında qeydiyyata düşürdülər. İndi bu qayda daha tətbiq olunmur. Bugünkü zamanda da heç bir dost evsiz adamı öz evinə daimi qeydiyyata götürmür və ya götürmək istəmir, çünki ehtiyyat edir.

Bilirik ki, kiminsə mənzilinə daimi qeydiyyata düşən vətəndaşın icazəsi olmadan ev sahibi evi sata bilməz. Əks halda, ev sahibi məhkəmə qaydasında evsiz vətəndaşı qeydiyyatdan çıxartmalıdır. Çünki kiminsə evinə daimi qeydiyyata düşən evsiz vətəndaş o halda yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər ki, ASAN Xidmətə çıxarışı olan başqa bir evin və ya mənzilin sənədlərini təqdim etsin. Qeydiyyatdan çıxarılma haqqınqa Məhkəmə qaydasında qəbul edilmiş qətnamələr də əslində qüsurludur, çünki bu qətnamələr vətəndaşı qeydiyyatdan məhrum etməklə vətəndaşın Konstitusiyadakı hüquqlarının təminatını süni şəkildə əngəlləmiş olur. Ona görə də Dövlət evsiz vətəndaşların qeydiyyat məsələlərini öz üzərinə götürməli və vəziyyətdən çıxış yolunu dövlət müəyyənləşdirməlidir, ya da mövcud Qanuna dəyişikliklər edilməli və prosedur sadələşdirilməlidir. Digər tərəfdən daimi qeydiyyat olmadan da müvəqqəti qeydiyyata düşmək mümkün deyil. Yəni daimi qeydiyyatı olmayan evsiz vətəndaşı kiminsə evinə müvəqqəti qeydiyyata salmağa Qanun icazə vermir.

Qanun tələb edir ki, müvəqqəti qeydiyyata düşmək üçün mütləq aktiv, yəni qüvvədə olan şəxsiyyət vəsiqəsi olmalıdır. Müvəqqəti qeydiyyata düşmək üçün vətəndaş gərək əvvəlcə Azərbaycan ərazisi üzrə kiminsə evində daimi qeydiyyatda olsun. Buradan başqa bir hüquqi sual ortaya çıxır: İndi vətəndaş nə etməlidir?

Qanun bu suala cavab verə bilmir. Belə bir vəziyyətdə isə İnzibati Xətalar Məcəlləsinə görə vətəndaşı il ərzində süni şəkildə tətbiq ediləcək inzibati qaydada cərimələr gözləyir.

İXM-nin 563-cü maddəsində evi olmayan, yəni daimi qeydiyyatı olmayan vətəndaşları 30 manat cərimə gözləyir. Hərçənd ki, bu norma qüsurludur və buna görə də Konstitusiya Məhkəməsi bu maddənin, eləcə də İXM-nin 565-ci maddəsinin Konstitusiyaya uyğunluğuna dair rəy verməlidir. Axı biz vətəndaşımız üçün nəyə görə belə bir çıxılmaz vəziyyət yaratmışıq? Milli Məclisdə oturan deputatlar bu Qanunu necə qəbul ediblər? Deputatlar nə fikirləşir, hara baxırlar?

Rahim Axundov

Xüsusi olaraq, 

Gununsesi.info üçün