Deputatlardan “Azərbaycan Xalq Cümhuriyyəti ili” ilə bağlı təkliflər - BDU-YA RƏSULZADƏNİN ADI VERİLSİN

  • By admin
  • 12 Yanvar 2018 15:36

Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və AXC-nin 100 illiyi ilə bağlı verdiyi sərəncam ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb, təqdir olunub. Odur ki, ölkə başçısının sərəncamı və AXC-nin 100 illik yubileyi ərəfəsində hansı işlərin görülməsi ilə bağlı deputatların mövqeyini öyrəndik.

Gununsesi.info-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində keçirilməsi çox mühüm hadisədir: “Bu təkcə ölkə daxilində deyil, eyni zaman beynəlxalq aləmdə, dövlətimizin gələcəyi, gənclərimizə bir tarixi anlatmaq baxımdan çox mühüm əhəmiyyət kəsb edir”.

O əlavə edib ki, Azərbaycan son yüz ildə iki dəfə müstəqilliyini elan edib: “Birinci dəfə 1918-ci ildə elan edib və o zaman müstəqilliyimizin ömrü 23 ay olub. İkinci dəfə 1991-ci ildə elan edib. Amma 1918-ci ildə dövlət müstəqilliyini quran insanlar çox əziyyətlə üzləşiblər. Onlar bir tarix yazıblar. O baxımdan 100 illiyi qeyd etmək çox vacibdir. Bu 100 illik yüksək səviyyədə qeyd edilməlidir”.

Azərbaycan Demokratik Respublikasının yaradıcılarının adlarının əbədiləşdirilməsinə gəldikdə isə V.Əhmədov deyib ki, Bakı Dövlət Universitetinə (BDU) Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi yaxşı olardı: “Digər tərəfdən, AXC dövrünün liderlərinə şəhərin görkəmli yerlərində, geniş bir ərazidə abidə kompleksi ucadılsa yaxşı olar. Azərbaycanın ikinci dəfə müstəqilliyində böyük rolu olan və  parlamentdə müstəqilliyə səs verənlər üçün müəyyən güzəştlər tətbiq edilə bilər”.

Deputat Fərəc Quliyev də Gununsesi.info-ya açıqlamasında Azərbaycan prezidentinin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini və ADR-in 100 illiyi ilə bağlı sərəncamını tarixi hadisə hesab edir: “Bu gün də elə ölkələr var ki, onlar demokratik ölkə quruculuğuna nail ola bilməyiblər və yaxud yenicə bu yola qədəm qoyublar. Lakin Azərbaycan hələ yüz il öncə Şərqdə ilk demokratik dövlət qurub. Ona görə də Azərbaycanın bu tarixi böyük bir bayram kimi qeyd edilməlidir”.

Deputat əlavə edib ki, hələ də bəzi məmurlar ADR dönəminə çox qısqanclıqla yanaşırlar: “Amma ölkə başçısı İlham Əliyevin bir müddət öncə ADR banisi Məhəmməd Əmin Rəsulzadə və ADR-in yüz illiyi ilə bağlı imzaladığı sərəncamı bir daha görtərir ki, dövlət başçısı müasir Azərbaycanı ADR-in hüquqi varisi hesab edərək, o dövrlə bağlı bütün dövlət atributları barədə müvafiq qərarlar verir. Ölkə başçısının ADR-in 100 illiyi ilə bağlı verdiyi sərəncamı da bu qəbildən qəbul etdiyimizdən  mühüm qərar hesab edirik”.

F.Quliyev bildirib ki, sərəncama uyğun olaraq 100 illiklə bağlı kompleks tədbirlər planı Nazirlər Kabinetinin hazırlayacağı təlimatlarda öz əksini tapacaq: “Hesab edirəm ki, yüz illik yubiley həm ölkə daxilində, həm də ölkə xaricində yüksək səviyyədə qeyd olunacaq”.

Deputat ADR qurucularının xaritəsini əbədiləşdirmək məqsədi ilə abidə kompleksinin ucaldılmasını, bəzi küçə və prospektlərə liderlərin adının verilməsini, parlament üçün yüz illik xatirə medalının təltif olunmasını təklif edib.

Mürtəza

Gununsesi.info