Xarici ticarətin real dəyəri 11 faiz azalıb

  • By admin
  • 12 Yanvar 2018 15:42

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-nin məlumatına görə, 114 ölkəyə məhsul ixrac, 176 ölkədən isə idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon ABŞ dolları təşkil eidb.

İxracın dəyəri 14 milyard 018,7 milyon dollar, idxalın həcmi isə  7 milyard 790,7 milyon dollar təşkil edib. Nəticədə 6 milyard 228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini  İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya,  2,9 faizini Hindistana,  2,7 faizini Fransaya, 2,4 faizini  Ukraynaya, qalan 17,0  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya,  hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Vüsalə

Gununsesi.info