Qeyri-neft sektorunun ixracı 22 faiz artıb

  • By admin
  • 12 Yanvar 2018 15:48

2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.

Qeyd edək ki, ötən il ölkənin qeyri-neft sektorunun ixracında ilk onluğu energetika sektoru əsas yeri tutur. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda Azərbaycan Dövlət Neft Şirkətinin  “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.

Digər sektorlarda vəziyyətə gəlincə, DSK bildirir ki, 2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22 faiz, təzə tərəvəz – 83,8 faiz, kartof – 50,7 faiz, tütün – 2 dəfə, çay – 52,1 faiz, meyvə və tərəvəz şirələri – 64,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,6 faiz, meyvə və tərəvəz konservləri – 5,1 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artıb. Şəkər ixracı isə 42,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1 faiz, polietilen – 13,5 faiz, emal olunmamış alüminium – 27,1 faiz, qara metallardan borular – 3,6 faiz, qara metallardan yarımfabrikatlar – 44,0 faiz, pambıq ipliyi – 25,8 faiz azalıb.

Vüsalə

Gununsesi.info