
“Deputatların etik davaranış qaydası ilə bağlı sənəd məktəblilərin əxlaq davranış qaydaları ilə üst-üstə düşür. Qanun layihəsinə baxanda məktəb illəri yadıma düşdü. Burada məsələlər o qədər xirdalanır ki, sanki məktəblinin əxlaq kodeksi ilə eynilik təşkil edir”.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Məlahər İbrahimqızı bu gün Milli Məclisdə (M) Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qanun layihəsini konseptual olaraq dəstəkləyən M. İbrahimqızı deyib ki, sənədin daha da konkretləşdirilməsinə və yıcamlaşdırlmasına ciddi ehtiyac var:
“Çünki sənəddə detallar çox xırdalanıb. Hər cür xırdalıqlara yer verilib. Sənəd orta məktəbdəki məktəblilərin əxlaq kodeksini sanki təkrarlayır. Oradakı müddəaların əksəriyyəti burada əksini tapıb. Heç ali məktəblərdə belə kodeks mövcud deyil. Ali məktəb tələbələrinə hansısa xasiyyətnamə tələb olunanda onu ali təhsil müəssisəsinin rəhbərliyi verir. Odur ki, deputatları orta məktəb şagirdləri ilə eyni səviyyədə tutmaq olmaz. Deputatın tutduğu məqam və onun keçdiyi yol tamamilə başqadır. O, sadə insan deyil, daha yüksək səviyyəli, xalqı idarə edən bir qurumun təmsilçisidir. Ona görə də sənəd yığcamlaşdırlmalıdır və daha ciddi məsələlər öz əksini tapmalıdır”- deyə, M. İbrahimqızı bildirib.
Mürtəza
Gununsesi.info











