Devalvasiya kimlər üçün faydalıdır - EKSPERT DANIŞDI

  • By admin
  • 13 Aprel 2018 15:22

“Rus rublunun və Türk lirəsinin ucuzlaşması idxalatçılar üçün faydalı, ixracatçılar üçün isə ziyanlıdır”.

Bunu  Gununsesi.info-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli  Rus rublu  və Türk lirəsinin Azərbaycanın idxal-ixrac əməliyyatına, həmçinin, manata təsirlərinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan  ölkələrdə milli valyuta devalvasiyaya uğrayırsa, bu, Azərbaycan idxalatçılarının xeyrinədir.

“Çünki  əsas ticarət tərədaşlarımız olan ölkələrdə milli valyuta devalvasiyaya uğrayanda həmin ölkələrdə istehsal olunan mhəsulların qiyməti ucuzlaşır  və bununla da dollar ekvivalentinə uyğun mal alanda,  alınan məhsul ucuz başa gəlir. Belə olanda  həmin ölkələrdən Azərbaycan idxal olunan məhsullarda ucuzlaşma olmalıdır. Ancaq  təəssüflə qeyd etmək lazımdır ki, biz Azərbaycan bazarında bu reallığın əksinin şahidi oluruq. Bir neçə il bundan qabaq da Rusiyada kəskin devalvasiya nəticəsində  Azərbaycana idxal olunan məhsulların ucuzlaşamsı əvəzinə bahalaşmasının şahidi olduq”,- deyə N. Bəydəmirli vurğulayıb.

İqtisadçı alim əlavə edib ki,  bu bir daha Azərbaycan iqtisadiyyatınin  bazar instrumentləri ilə tənzimlənmədiyini və iqtisadiyatın  monopolistlərin nəzarətində  olduğunu göstərir: “Bu da öz növbəsində istehlakçıya mənfi təsir göstərir”.

Onun fikrincə, hansı ölkədə  iqtisadiyat bazar qaydaları ilə tənzimlənirsə, həmin ölkələrə devalvasiyaya uğrayan ölkədən daha çox ixracat olur və bundan  hər tərəf qazanır: “İxrac edən ölkə daha çox məhsul satmaqda, alan ölkə isə daha ucuz məhsul almaqla xeyir qazanır. Yəni devalvasiyaya uğrayan ölkə bununla daha çox ixrac etməklə rəqabətqabliyyətliliyini artırmış olur.  Burada alan da satan da qazanır”.

Belə bir vəziyyətin ancaq  Azərbaycanın ixracatçılarının ziyanına olduğunu qeyd edən Nazim Bəydəmirli  bildirib ki, məhsul ixrac etdiyimiz ölkələrdə milli  valyutanın  devalvasiyaya uğraması ixracatçılar üçün müəyyən problemlər yaradır: “Bu da ölkədə iqtisadi fəallığın azalmasına səbəb olur. Yəni ixracat azalır və ya satılan maldan  daha az gəlir əldə olunur. Ona görə də ticarət tərəfdaşımız olan ölkələrdə milli valyutaların ucuzlşamasının  həm müsbət, həm də ziyanlı tərəfi var. İxracat baxımından ziyanlı olsa da, idxalat baxımından xeyirlidir”.

Qonşu ölkələrdə  baş verənlərin Azərbaycan manatına təsirinə gəldikdə isə N. Bəydəmirli deyib ki, Azərbaycan manatının kursu bazar instrumenti ilə deyil, Mərkəzi Bankın inzibati resursları və hökumətin  həyata keçirdiyi siyasət nəticəsində tənzimlənir.

“Azərbaycan manatının kursu həm də neftin qiymətindən asılı olan məsələdir. Neft baha olduqca və daha çox neft satıldıqca manat ucuzlaşamayacaq, əksinə möhkəmlənəcək. Burada əksinə dollar ucuzlaşa bilər. Azərbaycan manatına təhlükə ancaq neftin qiyməti 45 dollardan aşağı düşdükdə ola bilər. Bu gün isə neftin qiyməti 70 dollar  ətrafında oynayır.  Neftin qiyməti baha olduğundan Azərbaycanın tədiyyə balansı da müsbətdir. Bu isə manatın möhkəmlənməsini şərtləndirən amillərdəndir”,- deyə N.Bəydəmirli vurğulayıb.

Son günlərdə cüzi də olasa, dolların manata nisbətdə bahalaşmasına gəldikdə N.Bəydəmirli bunu  spekulyasiya hərəkəti adlandırıb: “Bu təbii ki, spekulyasia effektidir”.

 

Mürtəza

Gununsesi. info