“Dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verilməz” - QMİ-DƏN XƏBƏRDARLIQ

  • By admin
  • 27 Sentyabr 2016 11:07
qmi 
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
Gununsesi.info tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Diniq Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, habelə dini icma rəhbərləri və tanınmış elm adamları iştirak ediblər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlanıb.
Çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1437-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-ci il oktyabr ayının 3-nə, Aşura günü isə oktyabrın 12-nə təsadüf edir.
Tədbirdə bildirildi ki, son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl – örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər. Moizə və xütbələrdə dindarlara erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq mətləbi təlqin edilməli, İmam Hüseynin (ə) fədakarlıq nümunəsinin mənəvi əhəmiyyəti bu baxımdan ilham mənbəyi kimi xüsusi vurğulanmalıdır. Din xadimlərimiz moizələrində dindarları daima Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.
Din xadimlərimiz ölkəmizdə mövcud sabitliyin pozulması, məzhəbi müstəvidə qarşıdurma yaradılması məqsədilə din adından siyasi alət kimi istifadə edən bəzi qüvvələrə qarşı ayıq-sayıq olmalıdırlar. Konstitusion quruluşun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, din adından sui-istifadə edərək vətəndaşların hakimiyyətə qarşı siyasi mübarizəyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki bir daha qətiyyətlə pisləyir və hesab edirik ki, Allahın Lütfü ilə, qüdrətli dövlətimiz və müdrik xalqımız belə əməllərə hər an layiqli cavab verməyə qadirdir.
Milli-mənəvi, dini dəyərlərimizin qarantı olan dövlətçiliyimizə qarşı dini zəmində çağırışlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin bu yaxınlarda etdiyi müraciətdə əksini tapan məsələlərə din xadimlərimiz xüsusi diqqət yetirməli, İmam Hüseyn (ə) təziyədarlığından və digər dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər.
Gununsesi.info