Dissertasiya mövzularından 10-u təsdiq olunmadı

  • By admin
  • 01 İyul 2016 22:30

rafa

Akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiatları Əlaqələndirmə Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının bu ildəki 6-cı iclası keçirilib. Gununsesi.info xəbər verir ki, 5-i elmlər doktorluğu hazırlığı, 32-si fəlsəfə doktorluğu hazırlığı olmaqla 37 iddiaçının mövzusu müzakirə edilib. Rəfail Hüseynovun sözlərinə görə, Azərbaycan və dünya ədəbiyyatının ayrı-ayrı problemlərinə həsr edilən “Orta əsrlərin Quran təfsirlərindəki poetik parçaların mətnbədiiləşdirici və məzmunaçıcı yükü” , “XX əsr Şimali Azərbaycan nəsri və mühacir Cənubi Azərbaycan ədəbiyyatında bölünmüş vətən və milli-mənəvi bütövlük ideyası”, “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası”, “Çarpərdinin “Şərh əş-Şafiyə fit-təsrif” əsərinin tekstoloji tədqiqi”, “Müasir Böyük Britaniya və Azərbaycan ədəbiyyatında müharibə mövzusu”, “Türkiyə və Azərbaycan ədəbiyyatında ilk qadın yazıçılar”, “Müstəqillik illərinin yazıçı publisistikasında gerçəkliyə yeni baxış”, “Azərbaycan şeirində simvolun ideya-bədii xüsusiyyətləri və poetikası (1920-60-cı illər)”, “Qazax, türk və Azərbaycan uşaq oyunları ədəbiyyatında ictimai həyat və inanclar”, “Fətəli şah Qacarın poetik irsi və Qacar şahzadələrinin bədii yaradıcılığı”, dilçiliyin müxtəlif aktual məsələlərindən bəhs edən “Neft-qaz terminlərinin struktur-semantik xüsusiyyətləri”, “XIX əsrdə Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi”, “Azərbaycan və ingilis frazeoloji lüğətlərində əhatə prinsipi”, “XIV-XV əsrlər Azərbaycan klassik ədəbiyyatında antroponimlər və onların struktur-semantik xüsusiyyətləri” kimi mövzular ətrafında geniş fikir mübadilələri aparılıb: “Müzakirəyə çıxarılmış dissertasiya mövzularından 10-u müəyyən səbəblərdən təsdiq olunmayıb, bir çox mövzuların sərlövhəsi problemi daha sərrast nişan verə bilmək baxımından redaktə edilib. Müraciət etmiş iddiaçılara tədqiqatlarını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib”. Onu da qeyd edək ki, müzakirələrdə R. Hüseynovla yanaşı professorlar, filologiya üzrə elmlər doktorları Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Ramiz Əsgər, Rəhilə Qeybullayeva, Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Qulu Məhərrəmli, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov çıxış edərək fikir və təkliflərini bildiriblər. Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasının yaya tətilindən sonra- sentyabr ayında keçirilməsi qərara alınıb.

 

H-Nihat Həmidov