
Ölkədə Aİ-95 və Aİ-98 benzinin bahalaşması digər yanacaq növlərinin də qiymətlərinin artıb-artmayacağına dair suallar meydana çıxarıb. Sözügedən markaların bahalaşmasının onun xaricdən idxal olunması və qiymətlərin dövlət tərəfidən tənzimlənməməsi ilə izah etdilər. Ekspertlər bunu daha çox dünya bazarında neftin qiymətinin bahalaşmasına bağladılar.
Aİ-92 və dizel yanacaqlarının necə qiymətlərinin bahalaşması gözlənilirmi? Nəzərə almaq lazımdır ki, bu benzinlərin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Gununsesi.info-ya açıqlamasında bildirir ki, Aİ-95 və Aİ-98 yancağının qiymətinin bahalaşması obyektiv səbəblər üzündən olub: “Ətrafımızdakı dövlətlərin hamısında bu markalı benzinin qiyməti artıb. Hətta Aİ-95 markalı benzin istehsal edən Rusiyanın özündə də bahalaşma olub. Bahalaşmanın səbəbi, şirkətlərin xam malı baha qiymətə almalarıdır. Avqustdan bəri neftin qiymətində 12-13 dollar artım olub. Bu da emal və istehsal qiymətlərinə təsir göstərir”.
İ.Şaban deyir ki, Tarif Şurasının tənzimlədiyi Aİ-92 markalı benizinin qiymətinin bahalaşacağını düşünmür: “Çünki bu yanacağın qiyməti kifayət qədər artıb. 70 qəpikdən 90 qəpiyə artmaqla 30 faiz bahalaşma baş verib. Onun yenidən bahalaşmasına heç bir iqtisadi əsas yoxdur. Dizelin qiyməti sonuncu dəfə 2009-cu ildə artıb. Ondan sonra yanacağın qiymətində iki dəfə dəyişiklik olmuşdusa, burada qiymətlər sabit qaldı. Dizeli ona görə bahalaşdırmadılar ki, bu yanacaq insanların həyatına birbaşa təsir göstərir. Yəni kənd təsərrüfatı məhsullarının istehsalına, şəhərdaxili nəqliyyat xidmətlərinin qiymətinə təsir göstərən amildir. Neftinin qiymətinin aşağı düşməsi ilə yaranan iqtisadi böhranın fonunda dizel bahalaşsaydı insanların sosial vəziyyəti daha da ağırlaşa bilərdi”.
Ekspertin fikrincə, dizelin bahalaşması artıq qaçılmazdır: “Ancaq demək olmaz ki, bu proses belə qalacaq. Lakin bunu elə etmək lazımdır ki, bahalaşma insanların sosial həyatında neonlaşsın. Oktyabr ayında SOCAR-petrolium şirkəti elan etmişdi ki, dizel yanacağının sıxılmış qaza keçilməsi üçün İtaliya avadanlıqlarının quraşdırılmasının qeydiyyatına başlanılır. Gələn ilin birinci rübündə SOCAR-ın yanacaqdoldurma məntəqələrində sıxılmış qazdan istifadə ediləcək. Burada yanacağa xeyli qənaət etmiş olacaqlar”.
Vüsalə Rüstəmova
Gununsesi.info











