Dövlət sahibkarlıq kreditlərinin risklərini üzərinə götürdü - EKSPERT RƏYLƏRİ

  • By admin
  • 15 Sentyabr 2017 14:02

kredit

Azərbaycan Prezidenti İlham Əliyev fərmanı ilə ekspetlərin də çoxdandan bəri təklif etdiyi Kredit Zəmanət Fondu yaradıldı. Fondun yaradılmasına məqsəd ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək, sahibkarlığın inkişafına dəstək verməkdir. Belə ki, bundan sonra banklar tərəfindən veriləcək biznes kreditlərinin geri qaytarılması ilə bağlı riskləri dövlət üzərinə götürəcək, kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya ayrılacaq.  Fondun qarşısına qoyulan bu məqsədin reallaşması nə dərəcədə effektiv olacaq?

İqtisadçı-ekspert Cəfər İbrahimli Gununsesi.info-ya açıqlamasında bildirdi ki,  Türkiyədə yaradılan bu fondun dəstəyi ilə ÜDM-un illik artımı 5% qədər yüksəldə biliblər.

Azərbaycana olacaq təsirlərə gəlincə, ekspert bunları söylədi: “Fərmana görə, dövlət zəmanəti əsasən, manatla olan kreditlər üzrə olacaq. Banklar isə hazırda manatla kredit verməkdə maraqlı deyillər, dollarla kredit vermək qaydalarını isə çox məhdudlaşıdırıb. Dövlət Zəmanət Fondunu yaratmaqla, banklara mesaj verir ki, manatla verilən kreditlərlə bağlı yaranan risklərə zəmanət verir.

Fərmanda göstərilir ki, banklar tərəfindən verilən investisiya kreditlərinin faiz dərəcələrinin bir hissəsi subsidiya olacaq. Məsələn, bir layihənin maliyyələşdirilməsinə ayrılan kredit faizinin 50 faizini Zəmanət Fondu ödəyəcəksə, deməli sahibkarların borclanma səviyyəsi 20 faizdən 10 faizə düşəcək. Nəticədə investisiyanın maliyyəti aşağı düşəcək. Bu addım geniş investisiyalar üçün stimullaşdırıcı ola bilər”.

C.İbrahimli qeyd etdi ki, Fond öz maliyyəsini dövlət tərəfindən əldə edəcək: “Əmanətlərin Sığortalanması, Sahibkarlığa Kömək Milli Fondu kimi ehtiyac yarandığı təqdirdə dövlət ora yardım ayıracaq”.

C.İbrahimli hesab edir ki, sözügedən siyasət qısa müddət üçün müsbət effekt yarada bilər. Amma ekspert uzun müddətli vadedə bu siyasətin aparılmasını doğru hesab etmir: “Qısa müddətdə biznesin maliyyəlləşmə imkanlarını genişləndirə bilər. Amma bu, sərhədsiz olmamalıdır və çox uzun müddətli dövrə daşımaq çətin məsələdir. Burada digər narahat edən bir məqam var. Bank kredit ayırırsa, həmin borcun ödənməsindəki riskləri Fond sığortalacaq. Belə olan halda banklar sui-istifadə edərək lüsuzmsuz layihələrin də maliyyələşməsinə meydana aça bilər. Bu da dövlətin üzərində əlavə yüklər yarada bilər”.

Digər ekspert Samir Əliyev də hesab edir ki,  Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər: “Fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi – sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər. Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər”.

S.Əliyev qeyd edir ki, Fondun üstünlükləri çoxdur: “Bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir.

İri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur. Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da, Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq. Onun fikrincə, yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirilməsi yaxşı olardı:

– Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir

– Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir

– Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır

– Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50%-də az, 80%-dən çox olmalıdır

– Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir.

Vüsalə Rüstəmova

Gununsesi.info