Dünya Azərbaycanlılarının IV Qurultayı panellərdə davam edir

  • By admin
  • 04 İyun 2016 12:59

Dünya Azərbaycanlılarının IV Qurultayı

Dünya Azərbaycanlılarının IV Qurultayı iyunun 4-də işini panel iclaslarla davam etdirir. İlk paneldə “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda müzakirələr aparılıb. Gununsesi.info-nun məlumatına görə, panel iclasın moderatoru, Türkiyənin Giresun Universitetinin tarix kafedrasının müdiri, professor, Dünya Türkləri Konqresinin üzvü Aygün Attar azərbaycanlıların məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakına mane olan amillər və onların aradan qaldırılması yolları, yerli cəmiyyətlərə inteqrasiyanın şərtləri və çətinlikləri barədə müzakirələrin aparılacağını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycan icmasının yaşadığı ölkədə ona olan ictimai etimadın gücləndirilməsi, yerli ictimai mühit və siyasi münasibətlər sisteminin yaratdığı maneələrin dəf edilməsi yollarının müəyyənləşdirilməsi, Azərbaycan diasporunun cəmiyyətə inteqrasiyasının və siyasi fəallığının artırılması üçün vahid konsepsiyanın hazırlanması mühüm əhəmiyyət daşıyır. Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxışında Azərbaycan diasporunun yaranma tarixindən, milli diasporumuzun formalaşmasında mühacirət hərəkatının rolundan danışıb. O, dövlətin diaspor təşkilatlarına, yoxsa diaspor təşkilatlarının dövlətə yardım etməsi məsələsinin hazırda aktual mövzu olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın diaspor təşkilatları dövlətin onlara göstərdiyi fəal dəstəyi yüksək qiymətləndirməlidir. Prezident İlham Əliyevin qurultayın açılış mərasimindəki nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Musa Qasımlı bildirib ki, bu qurultay Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır. Ukrayna Milli Avrasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Azərbaycanlıları Alimlər Şurası ictimai təşkilatının sədri Arif Quliyev yaşadığı ölkədə diaspor təşkilatlarının fəaliyyətindən, ictimai-siyasi həyatda iştirak üçün mövcud vəziyyətdən və qarşıda duran problemlərdən danışıb. O, Azərbaycanın diaspor təşkilatlarının dövlət və xalq qarşısında hesabat verməli olduqlarını diqqətə çatdırıb. A.Quliyev diaspor təşkilatlarının vahid amal, şüar və ideya ətrafında sıx birləşərək əlaqəli şəkildə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb. Ukraynada xeyli sayda Azərbaycan məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Arif Quliyev təkcə Kiyevdə 5 belə məktəbin olduğunu deyib. O, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyini vurğulayıb. İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Səfər Qaraqoyunlu rəhbərlik etdiyi təşkilatın diaspor fəaliyyətindən danışıb. O, Azərbaycan diaspor təşkilatlarının yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyasında mədəniyyət mərkəzlərinin və kitabxanaların açılmasının önəmini qeyd edib. Niderlandda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın Avropa ölkələrində diaspor təşkilatlarının fəaliyyətində qarşıda duran çətinliklərdən danışıb. O, erməni diasporunun güclü olduğu Avropa ölkələrində, xüsusən Niderlandda Azərbaycan diaspor təşkilatlarının uğurlu fəaliyyəti üçün səylərin birləşdirilməsinin önəmini vurğulayıb. Ümumrusiya Azərbaycan Konqresinin Çuvaşiya regional bölməsinin sədri Əziz Bədirov təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açıb. O, Çuvaşiyadakı Azərbaycan diasporunun erməni lobbisinə qarşı uğurla fəaliyyət göstərdiyini, onların qondarma “erməni soyqırımı” ilə bağlı tədbirlər keçirmək cəhdlərinin qarşısını aldığını xatırladıb. Ə.Bədirov məhz Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti nəticəsində xalqımızın dahi şairi Nizami Gəncəvinin xatirəsinin Çuvaşiyada əbədiləşdirilməsi istiqamətində işlər görüldüyünü, buradakı stadionlardan birinə dahi mütəfəkkirin adının verildiyini bildirib. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri Rövşən Tağıyev təmsil etdiyi təşkilatın üzvlərinin Ukraynanın bir sıra dövlət, hökumət və qanunvericilik qurumlarında, məhkəmə-hüquq orqanlarında rəhbər vəzifələrdə çalışdığını diqqətə çatdırıb. O, UABK-nın Ukraynanın yüksək dövlət qurumları, hətta sabiq və hazırkı prezidentləri ilə sıx münasibətlərinin olduğunu qeyd edib. O, Konqresin təşəbbüsü ilə ermənilərin iki dəfə Ukrayna parlamentində qondarma “erməni soyqırımı” məsələsinin qəbul olunması cəhdlərinin qarşısını aldığını bildirib. R.Tağıyev diaspor təşkilatının uğur qazanması üçün xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin dilini öyrənmələrinin, ictimai-siyasi xadimləri ilə sıx münasibətlər qurmalarının, bu ölkələrin dövlət dilini öyrənmələrinin önəmini qeyd edib. Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu, tanınmış türkoloq alim, Moskva Dövlət Linqvistika Universitetinin professoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Rusiya Azərbaycanlı Gənclər Birliyinin əməkdaşı Alim Hüseynov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və digər çıxış edənlər də Azərbaycanın müstəqilliyin bərpasından sonra özünü dünyada tanıtmaq istiqamətində ilk addımlarından birinin diaspor təşkilatlarının fəaliyyətinin canlandırılması olduğunu bildiriblər. Çıxış edənlər diaspor təşkilatlarının xalqımızın ümummilli lideri Heydər Əliyevin ideologiyası əsasında formalaşmasının və fəaliyyət göstərməsinin önəmini diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilməli olan addımlardan danışıblar.

Gülnaz Qənbərli