Dünya azərbaycanlılarının növbəti 5 il üçün ƏSAS HƏDƏFLƏRİ

  • By admin
  • 27 Aprel 2022 09:56

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət beşiyi, Zəfərimizin simvolu olan Şuşa şəhərində keçirilməsi tarixi hadisə kimi yaddaşlara həkk olundu. 65 ölkədən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsi möhtəşəm rəmzi məna daşıyırdı.

İki günlük qurultayda xaricdəki Azərbaycan diaspor təşkilatlarının indiyədək gördüyü işlər yüksək qiymətləndirildi, eyni zamanda bundan sonra qarşıda duran yeni vəzifələr müəyyən edildi.

44 günlük Vətən müharibəsindən Zəfərlə ayrılan Azərbaycan diasporunun yeni hədəfləri nələrdir?

Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirov Modern.az-a bildirib ki, Zəfər Qurultayında beş illik hədəflər müəyyən olunub:

“Cənab Prezident hər dəfə qarşıdan gələn beş il ərzində diasporun hədəfləri, yol xəritəsini açıqladı. Bu dəfə xaricdə yaşayan azərbaycanlıların görəcək işləri, onlardan gözlənilən məsələlər müzakirə olundu. Azərbaycan tarixi qələbə qazanıb, artıq qalib xalqıq, amma bununla biz kifayətlənməli deyilik. Qalib xalq kimi Zəfərin daha da güclənməsi üçün əlimizdən gələni etməliyik. Qarabağın inkşafı ilə bağlı yaşadığımız ölkələrdə təbliğat işlləri aparmalıyıq.

İkinci ən vacib məsələ Azərbaycan dilinin təbliği ilə bağlıdır. Biz uzun illərdir ki, Misirdə Azərbaycan dilinin təbliği ilə məşğuluq. Mən şəxsən min yüz əlli tələbəyə Azərbaycan dilini təbliğ etmişəm. Bizim Qahirədəki diaspor mərkəzimizdə hər il yüz tələbə Azərbaycan dilinin təbliğinə cəlb edilir. Azərbaycan dili il boyu ödənişsiz olaraq tədris olunur. Azərbaycan dilini öyrədərkən sadəcə dili təbliğ etmirik. Bununla bərabər Azərbaycan mədəniyyətini, həqiqətlərini təbliğ edirik. Bizim qarşımıza qoyulan əsas məsələ Azərbaycan ailələrində ana dilimizin yaşadılmasıdır. Xarici ölkələrdə yaşayan vətəndaşlarımız nə qədər Azərbaycan dilini biləcəklər, o qədər də Vətənlərinə bağlı olacaqlar. Digər məsələ yaşadığımız ölkələrdə xalq diplomatiyasına önəm verməkdir. Bura dövlət səviyyəsində ələqələr, xalqların bağlılığı daxildir”.

Diaspor fəalı bildirib ki, digər hədəf xaricdə yaşyan azərbaycanlıların ildə bir dəfə Vətənə səfər etmələridir. Bu o deməkdir ki, bizim yeni nəsil soydaşlarımız Azərbaycana bağlı olacaq:

“Misir arxivlərində Azərbaycanla bağlı araşdırmalar aparırıq. Mən şəxsən 25 ildir ki, bununla bağlı işlər görürəm. Hədəfim Misirdə yerli xalq arasında Azərbaycan dilini təbliğ edən mütəxəssilər yetişdirməkdir. Bundan sonra əsas vəzifəmiz Zəfərimizi daha da gücləndirmək, Qarabağın inkşafına töhfə verməkdir”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev qeyd edib ki, qarşıda duran ən vacib məsələ Qarabağda qazandığımız qələbəni daimi etməkdir:

“Bizim bu il keçirilən qurltayımız pandemiya və müharibəyə görə gecikmişdi. Azərbaycanlıların qurultayı beş ildən bir keçirilir. Hər qurultayda olduğu kimi, bu quruultayda da növbəti beş ildə qarşımıza qoyulan yeni hədəflər müəyyən olundu. Bu ilə qədər xaricidə yaşayan azərbaycanlıların qarşısına qoyulan əsas vəzifə Azərbaycan, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq idi. Biz neçə illərdir ki, ermənilərə qarşı mübarizə aparırdıq. Artıq qələbə qazanmışıq, bundan sonra da əsas vəzifəmiz Azərbaycanın qələbəsini xaricdə yaşatmaqdır. Bizim bu il keçirdiyimiz qurultay qaliblərin qurultayıdır. Qarşımızda dayanan ən vacib məsələ Qarabağda qazandığımız qələbəni daimi etməkdir. İnformasiya müharibəsində əsas məsələ Azərbaycan həqiqətləri ilə bağlı yalan xəbərləri aradan qaldırmaq, düzgün məlumatları çatdırmaqdır”.

“Birlik” Odessa diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlunun sözlərinə görə, diaspor təşkilatlarının əsas hədəflərindən biri də dövlətçiliyimizi möhkəmləndirməkdir:

“Builki qurultayın Zəfər Qurultayı adlandırılması tarixi hadisədir. Bu tədbirin mədəniyyət paytaxtımız, Qarabağın incisi Şuşada keçirilməsi tarixi qələbədir. İllərdir diaspor olaraq xaricdə apardığımız hədələrdən birincisi Azərbaycan həqiqətlərini yaşadığımız ölkələrdə təbliğ etməkdir. Bununla bağlı müəyyən beynəlxalq təşkilatlarla birlikdə fəaliyyət göstərirdik. Düşünürəm ki, hədəflərimizə nail olduq.

Bundan sonra hədəflərimiz fərqlidir. Diaspor fəaliyyətimiz zamanla lobbiçiliyə keçirilməlidir. Yaşadığımız ölkədə övladlarımız dövlət strukturunda çalışmalıdır. Bundan başqa, media sektoru ilə davamlı şəkildə işlənilməlidir. Əsas hədəfimiz dövlətçiliyin möhkəmləndirilməsi fonunda atacağımız addımlar və yaşadığımız ölkələrdə xalqlar arasında qardaşlığın möhkəmləndirilməsidir”.

Qeyd edək ki, bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. Ölkə xaricində birliyimizin gücləndirilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyəti xüsusi rol oynayır. Dövlət Komitəsi hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün soydaşlarımıza dəstək verir, onların Azərbaycanın hüdudlarından kənarda da tək olmadıqlarını əyani şəkildə göstərir. Bunun nəticəsidir ki, dünya azərbaycanlıları qalib xalqın nümayənədləri olaraq hər yerdə öz sözlərini deməyi bacarır, ölkəmizin maraqlarını layiqincə müdafiə edirlər.

Gununsesi.info