
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair-publisist, politoloq Elçin Mirzəbəyli Nazirlər Kabinetinin mətbuat katibi Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə haqqında, ümumiyyətlə son dövrlərdə bu cür tendensiyaların artmasından və bəzi rəsmilərin işlətdiyi ifadənin fərqində olmamasından, nəticədə bütün bunların cəmiyyətdə ciddi etiraza səbəb olması ilə bağlı sərt mövqeyini ortaya qoyub.
“Adamlar o qədər arxayınlaşıblar ki, atdıqları addımın, dedikləri sözün necə qəbul olunacağına, ictimai rəyə necə təsir göstərəcəyinə belə önəm vermirlər. Bu ictimai məsuliyyətsizliyin, cəmiyyətə münasibətdə sayğısızlığın ən son həddidir”.
Gununsesi.info xəbər verir ki, bu fikri Elçin Mirzəbəyli qeyd edib.
Onun sözlərinə görə, dünyasını dəyişmiş bir insanın, həm də insanlığa, bəşəriyyətə yalnız xeyri dəyən bir şəxsiyyətin ünvanına təhqiramiz ifadələrin səsləndirilməsi ilk növbədə tərbiyəsizlikdir: “Bu ifadələrin mətbuata açıqlanması isə ictimai rəyə tüpürməkdir, mediaya sayğısız, aşağılayıcı münasibətin bariz nümunəsidir”.
E.Mirzəbəyli əlavə edib ki, təəssüflər olsun, son 2 ildə belə nümunələrin sayı durmadan artır: “Biri milləti, onun dilini, mədəniyyətini aşağılayır, təhrif edir, digəri aztəminatlı ailələri məsxərəyə qoyur, başqa biri dəyərlərimizə və dəyərə çevrilmiş şəxsiyyətlərimizə savaş açır… Sonra KİV-də, sosial şəbəkələrdə etiraz dalğası başlayır, səngiyir və unudulur, yaxud adi, sıradan bir fakta çevrilir”.
E.Mirzəbəyli hesab edir ki, sanki hansısa qüvvələr Azərbaycanda ictimai rəylə işləmək və boşluqları müəyyənləşdirib idarə etmək üçün çoxtəyinatlı eksperimentlər həyata keçirirlər: “Mən baş verənlərə sıradan bir hadisə kimi yanaşmıram. Hesab edirəm ki, bütün bunlar ciddi təhlil olunmalıdır”.
Mürtəza
Gununsesi.info












