Ermənilərə və onların havadarlarına bir daha göstərdik ki… - Deputat

  • By admin
  • 11 Oktyabr 2021 17:03

“Prezident İlham Əliyev Hadrutun işğaldan necə azad olunduğu haqqında bizə məlumat verdi. O zamanlarda erməni və onlara xidmət edən dövlətlərin kütləvi informasiya vasitələrində guya ermənilərin məğlub olmadığı barədə məlumatlar dərc olunurdu”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, ermənilər müharibə vaxtı Hadrutu itirmədiklərini və müqavimət göstərdikləri barədə informasiya yayırdılar: “Prezident İlham Əliyev çıxışında Hadrutun işğaldan azad olunduğu vaxtda ermənilərin saxta xəbər yaymaqları ilə bağlı məsələlərə toxunub. Hadrut qəsəbəsi Azərbaycanın keçmiş Dağlıq Qarabağ muxtar vilayətində Hadrut rayonunun mərkəzi idi. Keçmiş Hadrut rayonu cinayətkar qurumun tərkibinə daxil olunmuşdu. Azərbaycan Ordusunun Hadrut qəsəbəsini işğalçılardan azad etməsi o istiqamətdə gedən döyüşlər üçün dönüş nöqtəsi oldu”.

E.Məmmədov vurğulayıb ki, Hadrutun azad olunması ilə erməni ordusunun beli qırıldı: “Ermənistan Ordusunun bu ərazilərdə çox güclü mövqeləri var idi. Hadrutun bütün ətrafı dağlarla çevrili idi və orada ermənilərin kifayət qədər çox hərbi gücü toplanmışdı. Azərbaycan Ordusunun keçirdiyi Hadrut əməliyyatı 44 günlük müharibə dövründə keçirilən əməliyyatlar içərisində xüsusi yer tutur. Hadrutda keçirilən əməliyyat özünün unikallığı, çətinliyilə bizim üçün çox dəyərlidir. Ermənilər Hadrut qəsəbəsinin işğaldan azad olunmasını qəbul edə bilmirdilər. Onlar deyirdilər ki, guya onlar elə möhkəm müdafiə xətti qurublar ki, onu heç bir ordu keçə bilməz. Azərbaycan Ordusu isə 44 günlük müharibə dövründə onların müdafiə xəttini darmadağın etdi. Ordumuz şimaldan Suqovuşan və Talış ərazilərini, cənubdan isə Hadrut qəsəbəsini işğdaldan azad oetdi. Bu, keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin xeyli hissəsinin düşməndən azad olunması deməkdir. Ermənilər buna görə saxta xəbərlər yayırdılar ki, guya onlar hələ də Hadrutda yerləşiblər. Prezident İlham Əliyev dünən Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun açılışını etdi və Tuğ-Hadrut yolunun təməli qoyuldu. İlham Əliyev tərəfindən Hadrutun tarixində ilk dəfə məscid binasının təməli atıldı. Bunlar ermənilərə və onların havadarlarına bir daha göstərdi ki, biz burada əbədi yaşayacağıq”.

Gununsesi.info