Ermənilərin ümidlərini puç edən Bakı-Tiflis-Qars dəmir yolu - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 27 Oktyabr 2017 17:12

Nəhayət ki, bir neçə gündən sonra ermənilərin yuxusunu ərşə çəkən və yaxud bütün arzularını puça çıxarıb, ümidlərini gözündə qoyan, təməli 2007-ci ildə qoyulan Bakı-Tiflis-Qars dəmiryol xəttinin rəsmi açılış mərasimi gerçəkləşəcək.

Bir çoxları hesab edə bilər ki, niyə Bakı-Tiflis-Ceyhan (BTC), TAP, TANAP, Cənub Qaz Dəhlizi və yaxud Şimal-Cənub, Şərq-Qərb kimi layihələr deyil, məhz Bakı-Tiflis-Qars dəmiryolu xətti ermənilərin ümidlərini puça çıxarıb.

Birincisi, ona görə ki, bölgədə enerji layihələri reallaşan zaman İrəvan hansısa bəhanə ilə bu layihələrdən kənarda qalmasını erməni cəmiyyətinə izah edə bilərdi. İrəvan enerji layihələrindən kənarda qalmasını Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirmək kimi arqumentlər gətirirdilər. Bununla belə İrəvan erməni cəmiyyətinə Ermənistanın da yaxın gələcəkdə tranzit ölkəyə çevrilməsi üçün bir sıra layihələri reallaşdırmaqla, itirdiklərini bu yolla kompensasiya edəcəklərini vəd edirdi. Və bu yolla özlərinə təsəlli verməyə çalışırdılar. Bu məqsədlə İrəvan Ermənistan üzərindən keçməklə İran-Ermənistan-Gürcüstan dəmiryol xətti layihəsini reallaşdıracaqlarını bildirirdilər. Beləliklə, dünyaya çıxışlarını təmin edəcəklərini düşünürdülər. Lakin Azərbaycan Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsini öz üzərinə götürüb realaşdırmaqla ermənilərin bu arzusunu gözündə qoydu. Bununla da Ermənistana həm psixoloji, həm mənəvi, həm də iqtisadi cəhətdən  böyük bir zərbə vurmaqla, İrəvanı tam təcrid formasına salmış oldu. Bu layihənin reallaşması Ermənistandakı iqtisadi-siyasi böhranın daha da dərinləşməsinə səbəb oldu. Belə ki, İrəvanın bütün cəhdlərinə baxmayaraq, həm xarici, həm yerli investorlar bu ölkənin gələcəyinə  inamı olmadığından ciddi sərmayə yatırmağa maraq göstəmədilər. Hətta xaricdə yaşayan erməni milyonçular Ermənistanda ciddi layihələr layihələşdirmək istəmir. Çünki onlar bu ölkənin gələcəyini artıq qaranlıq gördüklərindən pullarını boş yerə xərcləmək istəmir. Təkcə bu faktor Bakı-Tiflis-Qars dəmir yol xəttinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu demək olar. İqtisadi və digər məsələlər gələcəyin işidir və bunu zaman göstərəcək. Ancaq indiki mərhələdə BTQ-nin əhəmiyyəti Ermənistana vurulan ziyanlarla və öldürcü zərbə ilə ölçülməlidir. O zaman biz Bakı-Tiflis-Qarsın əhəmiyyətini dərk edə bilərik.

Bakı-Tiflis-Qarsın digər əhəmiyyətlərinə gəldikdə isə ilk olaraq onu demək lazımdır ki, layihə ortalığa gəldiyi dönəmdə beynəlxalq aləmin, nəinki Ermənistan, Rusiya, İran, həmçinin ABŞ və Avropa İttifaqı ölkələri də bu layihəyə qarşı çıxdılar. Hətta ABŞ və Avropa Birliyi o zaman bu dəmiryol xəttinin Ermənistandan yan keçməsinə ciddi etiraz etdilər. Qərb həmçinin tikintinin maliyyələşdirilməsindın imtina edib. Qərb bir şərtlə Qars-Gümrü (Ermənistan)- Tiflis dəmiryol xəttinin çəkilişini tələb edib. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürüb. Bax, bu layihə beynəlxalq aləmin təzyiqlərinə baxmayaraq, Azərbaycanın iradəsinə və maliyyəsi hesabına tikilməsi mühüm əhəmiyyət kəsb edir. Yəni Azərbaycan bununla beynəlxalq aləmdə mövqeyini diqtə edib, həyata keçirdi. Bax, bunu da Azərbaycanın siyasi iradəsini ortaya qoyması, milli və dövlətçilik maraqlarına böyük töhfə verən layihə olması baxımından növbəti mühüm əhəmiyyətli olay kimi dəyərləndirmək lazımdır. Çünki Qərb və digər güclər layihəyə ancaq və ancaq geridönməz proses aldıqdan sonra dəstək verdilər, maraq göstərdilər. Bundan sonra  Bakı-Tiflis-Qars layihəsi Azərbaycan üçün geosiyasi, geoiqtisadi və geostrateji baxımdan böyük əhəmiyyətə malik bir layihəyə çevrildi.

Növbəti və ən əsası da ermənlərə öldürücü məqam isə ondan ibarətdir ki, İrəvan uzun illər boyu İran-Ermənistan dəmiryol xəttini reallaşdırmaq üçün çox böyük çabalar göstərsə də, sonda bu istiqamətdə heç bir nəticə əldə edə bilmədi. Çünki Azərbaycanın daha uzaqgörən, çevik siyasəti nəticəsində dünyada baş verən qlobal maliyyə və iqtisadi problemlər fonunda belə bir layihəni reallaşdırmaqla erməniləri oyundan kənar vəziyyətə saldı. Nəinki Bakı-Tiflis-Qars layihəsini, eyni zamanda “Şimal-Cənub”, “Şəqr-Qərb”, “Qərb-Cənub” nəqliyyat dəhlizlərini reallaşdırdı. Bununla da Azərbaycan beynəlxalq aləmdəki mövqeyini birə-beş möhkəmlətməklə Ermənistanı bölgədəki tranzit yükdaşıma və nəqliyyat layihələrindən təcrid etmiş oldu. Azərbaycanın bu çevik siyasəti öz bəhrəsini gecikdirmədi. Bu siyasət nəticəsində Azərbaycan Ermənistanın müttəfiqlərini İrəvana verəcəyi dəstəkdən məhrum etdi. Hansı ki, Ermənistan Rusiya və İranın dəstəyinə arxalanaraq ən azından tranzit yükdaşıma sahəsində bölgədəki faktorlardan biri olmağa çalışırdı. Lakin Azərbaycan onun bu arzularını gözündə qoyaraq, ümidlərini  boşa çıxardı. Azərbayncanın “Şimal-Cənub” nəqliyyat dəhlizində aktivliyi nəticəsində dəmiryol xəttini İranın dəmiryol xəttinə birləşdirməklə yanaşı, uzun müddət blokada şəraitində yaşayan Naxşıvanın da problemini həll etmiş oldu. Azərbaycan Naxçıvanın dəmiryol xəttini İranın dəmiryol xəttinə birləşdirməklə Naxçıvanın nəqliyyat qovşağının beynəlxalq dəmiryol qovşağına qovuşmasına nail oldu. İndi dünyanın müxtəlif bölgələrindən birbaşa Naxçıvana dəmiryol xətti vasitəsi ilə yük daşımaq imkanı yaranıb. Gələcəkdə isə Naxçıvanın dəmiryol xəttini Türkiyə ərazisində Qars dəmiryol xəttinə birləşdirməklə Naxçıvanla həm dairəvi dəmiryol xəttinin bərpasını, həmçinin Qərb ölkələrinə də çıxışını təmin etmiş olacaq. Artıq bu istiqamətdə işlər gedir. Qars-İqdır-Naxçıvan dəmiryol xəttinin çəkilişi planlaşdırılır. Azərbaycan bu uğurlu addımından sonra İrəvan məcburiyyət qarşısında qalaraq İran-Ermənistan dəmiryol xətti çəkilişindən imtina etmiş oldu. Hətta 2017-ci ilin əvvəlində Ermənistan Nazirlər Kabineti tərkibində İran-Ermənistan dəmiryol xətti layihəsi ilə bağlı yaradılan qurum da ləğv edildi. Səbəb də İrəvanın bu layihəni reallaşdırmaq üçün donor investor tapa bilməməsi ilə izah edildi. Necə deyərlər, Azərbaycan tərəfinin çevik siyasəti nəticəsində “Şiaml-Cənub” nəqliyyat dəhlizində iştirakı Tehranı Ermənistan üzərində reallaşdırlacaq layihəyə marağını sıfıra endirdi. Tehran Ermənistan üzərindən keçməsi planlaşdırılan dəmiryol xəttinin bir utopiya, iqtisadi cəhətdən perspektivsiz olduğunu anladı. Hətta İrəvan buna ciddi-cəhd etsə belə bu layihənin reallaşması qeyri-mümükün layihə olduğunu anladı. Buna görə də, layihəyə dəstək verməkdən uzaq durdu.

Son olaraq onu demək olar ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşması Trans-Avropa, Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirməklə regionlararası iqtisadi əlaqələrə və inteqrasiyaya öz töhfəsini vermiş olacaq. Yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaq.

Bakı-Tiflis-Qarsın reallaşması Azərbaycanın təhlükəsizliyi baxımından da müstəsna rola malik olacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info