Ermənistanda yeni prezident seçildi

  • By admin
  • 03 Mart 2022 13:12

Ermənistan parlamenti bu gün səsvermənin ikinci turunda Vahan Xaçatryanı ölkənin yeni prezidenti seçib.

Gununsesi.info xəbər verir ki, onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələridir.

Birinci turda hakimiyyətdən olan deputatlar yüksək texnologiyalar sənayesi nazirini prezident seçə bilməmişdilər – Xaçatryana 10 səs kifayət etməmişdi.

İkinci turda seçki üçün tələb olunan daha az sayda səs nəzərdə tutulurdu.

Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyib və seçkini boykot edib.

Xatırladaq ki, yanvarın 23-də Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan istefa vermişdi.

Yeni prezident Vahan Xaçatryan 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub.

1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

1982-1989-cu illərdə “Razdanmaş” İstehsalat Birliyində işləyib, 1989-1992 –ci illərdə “Mars” dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb.

1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub.

1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub.

1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.

2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub.

2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.

2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

Ailəlidir, iki övladı var.

Gununsesi.info