Etibar Məmmədovla Heydər Əliyevin görüşündə nələr müzakirə olunub? - AMİP LİDERİ ÖLKƏDƏN GİZLİ ÇIXIŞINI İLK DƏFƏ AÇIQLADI

  • By admin
  • 20 Yanvar 2022 18:14

“20 Yanvar”ı qırğını barədə Moskvada keçirtdiyim mətbuat konfransından sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Moskvadakı Azərbaycan nümayəndəliyinə hücumu oldu. Sanki hərbiləşdirilmiş qalaya hücum edilirdi”.

Gununsesi.info bildirir ki, bu barədə Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov Space TV-də yayımlanan “Yeni Reallıq” verilişində bildirib.

Etibar Məmmədovun sözlərinə görə, Moskvada keçirilən mətbuat konfransından sonra Heydər Əliyev ordakı Azərbaycan nümayəndəliyinə gedib:

“Heydər Əliyev, İlham Əliyev və Mahmud Məmmədquliyev birlikdə gəldi. Heydər Əliyev məndən canlı şahid kimi Azərbaycandakı, Bakıdakı vəziyyətlə bağlı məsələlər barədə soruşdu. Məlumat mübadiləsi etdik. Heydər Əliyev isə Moskvadakı vəziyyət, onların baş verən proseslərə mövqeyi və başqa məsələlərlə bağlı danışdı. Tövsiyələrini verdi. Ən əsası, dedi ki, vəziyyət çox pisdir. Hər şey ola bilər. Doğrudan da hər şey oldu. Həmin axşam bizim daimi nümayəndəliyimizə hücum oldu. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin hücumu ilə sanki hərbiləşdirilmiş qalaya hücum edilirdi. Qapı-pəncərəni vurub dağıtdılar, adamların bir hissəsini mənimlə bərabər apardılar, sonra məni saxladılar, qalanlarını buraxdılar”. AMİP lideri deyib ki, 20 Yanvar hadisələrindən bir neçə gün sonra gizli yollarla Moskvaya gedib: “Haqqımda axtarış verilmişdi. Ya tutulmalıydım, ya da vurulmalı…”

Etibar Məmmədov deyib ki, həmin dövrdə başqa şəkildə ölkədən çıxmaq mümkün deyildi:

“Milli Azadlıq Hərəkatına rəhbərlik edənlərdən biri olduğum, ikincisi isə hadisələrə canlı şahid olduğum üçün baş verən qırğının dünyaya mənim dilimdən çatdırılmasının qarşısını almaq istəyirdilər. Və ona görə də tədbirlər görülürdü. Azərbaycan isə həm də informasiya blokadasında idi. Həmin dövrün qərarına görə, xarici jurnalistlərin Moskvadan kənara çıxmaq üçün üçün icazələri olmalı idi. İcazə verilmədiyinə görə, media nümayəndələrinin Bakıda olan hadisələrdən birbaşa xəbər tutmaq imkanı yox idi. Ona görə də mən dünya mətbuatının nümayəndələrini toplayıb, baş verənləri onlara çatdırmaq üçün Bakıdan gizli yolla çıxdım. Əvvəl Dağıstandan getməyə cəhd göstərdim, ordan uçuş olmadığına görə Gürcüstana keçdim. Tbilisidən Gürcüstan Milli Azadlıq Hərəkatının nümayəndələrinin köməyilə Moskvaya gedə bildim. Bakıda olan qırğın barədə xarici jurnalistləri məlumatlandırdım”.

 

Ayşən

Gununsesi.info