Fars dövləti Güney Azərbaycanda bir fəal həbs cəzasına məhkum edib

  • By admin
  • 26 May 2020 14:58

Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) sakini olan milli fəal Hamid Abidi 3 ay 1 gün həbs cəzasına məhkum edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, İranda keçən ilin noyabr etirazları zamanı digər azərbaycanlı fəallarla birgə saxlanılan Hamid Abidi Qoşaçay Məhkəməsi tərəfindən həbsə məhkum edilib.

Ötən il İran hökumətinin benzin qiymətini 3 dəfə artırması ilə bağlı qərarından sonra noyabrın 16-da baş verən kütləvi etirazlar zamanı Abidi təhlükəsizlik qüvvələri tərəfindən təqib edilib.

Araznews xəbər saytı bu barədə yazıb ki, təhlükəsizlik qüvvələri milli fəalı saxlaya bilməyə nail olmayınca fəalın atasını saxlayaraq, ona zəng edib təslim olmasını istəyiblər. Polisin bu qanunsuz addımından sonra o, polis idarəsinə gedərək, üç gün polis tərəfindən saxlandıqdan sonra girov müqabilində müvəqqəti sərbəst buraxılmışdı.

Milli fəala qarşı “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “şəhərin ictimai qaydasını pozmağa cəhd göstərmək” kimi ittihamlar irəli sürüldüyü deyilir.

Hamid Abidi daha öncə 2015-ci ildə Traktor futbol komandasının bir matçında üç gün və 2018-ci ilin iyul ayında Kəleybər şəhərində Babək qalasına yürüş mərasimində iştirak etdiyinə görə qısa müddət həbs edilmişdi.

Ötən il İranda benzin qiymətinin artması nəticəsində baş verən aksiyalarda Reuters agentliyinin hesablamalarına görə 1500 nəfər həyatını itirib.

Xəbər amerikaninsesi.org saytında dərc edilib.

Gununsesi.org