Ermənistanın Konstitusiya Məhkəməsi 7 iyun tarixində keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi barədə yeddi partiya və blokun iddialarına iyunun 26-da baxacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə məhkəmənin sosial şəbəkə səhifəsində məlumat paylaşılıb.
Məlumata görə, səsvermənin nəticələrini “Güclü Ermənistan” bloku, “Birlik qanadları” partiyası, “Demokratiya, qanun, nizam-intizam” partiyası, “Çiçəklənən Ermənistan” partiyası, “Respublika naminə” partiyası, “Ermənistan” bloku və “Yeni güc” partiyası mübahisələndirmək niyyətindədir.
Məhkəmədən qeyd edilib ki, göstərilən işlər eyni məsələyə aid olduğu üçün onlar birləşdirilib və iyunun 26-da eyni iclasda onlara baxılacaq.
Xatırladaq ki, iyunun 14-də Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb və bu nəticələrə əsasən, “Mülki müqavilə” səslərin 49,7456%-ni (64 mandat), “Güclü Ermənistan” – 23,2710%-ni (29 mandat), “Ermənistan” bloku isə 9,9231%-ni (12 mandat) qazanıb.












