İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın hədələrindən sonra İsveçrədə keçirilən danışıqlar meydanını tərk edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, İslam Respublikası bu addımı amerikalı liderin bəyanatlarına etiraz olaraq atıb. “Al Hadath” telekanalının məlumatına görə isə Tehran Vaşinqtondan tərəflərin bir-birini hədələməsini qadağan edən qarşılıqlı anlaşma memorandumunun birinci bəndinə əməl olunmasını tələb edir.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp İslam Respublikasını Livandakı nəzarətində olan qüvvələrini dərhal problem yaratmağı dayandırmağa məcbur etməyə çağırmışdı. Əks halda, ABŞ siyasətçisi İrana çox ağır zərbə vuracağı ilə hədələmişdi.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit edən və yeni danışıqlar mərhələsinə start verən müvəqqəti memorandum imzalamışdılar. Ölkə nümayəndə heyətlərinin İsveçrədəki rəsmi görüşü növbəti günə planlaşdırılsa da, İsrailin Livandakı “Hizbullah” hərəkatının obyektlərinə endirdiyi yeni zərbələr səbəbindən iki gün təxirə salınmışdı.
***
ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu üzrə İsveçrədə keçirilən dördtərəfli danışıqlara fasilə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələr 80 dəqiqədən sonra dayandırılıb.
Fasilənin nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparması ilə bağlı olduğu bildirilib.
***
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar rəsmən başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
İran-ABŞ danışıqları İsveçrənin Bürgenştok şəhərində başlayır.
Gununsesi.info-nun məlumatına görə, İran Xarici İşlər Nazirliyi bildirib ki, Bürgenştokdə İran, ABŞ, Qətər və Pakistan nümayəndə heyətləri arasında keçiriləcək görüş bu gün günortadan sonra baş tutacaq.
Nazirliyin sözçüsü İsmayıl Bəqayi tərəflərin artıq İsveçrəyə çatdığını və diplomatik prosesin növbəti mərhələsinin başladığını açıqlayıb.
İsveçrə Xarici İşlər Nazirliyi də danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin ölkəyə gəlişini təsdiqləyərək prosesi alqışladığını bildirib. Məlumata görə, görüşlərdə ABŞ-İran anlaşma memorandumunun icra mexanizmi, Livanda atəşkəsin gedişi, İran neftinə tətbiq olunan güzəştlər və dondurulmuş aktivlərin azad edilməsi kimi məsələlər müzakirə olunacaq.
ABŞ nümayəndə heyətinə ABŞ Vitse-prezidenti Ceyms Devid Vens, İran tərəfinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir. Danışıqlarda həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir də iştirak edir.
Eyni zamanda, İran tərəfi Livanda atəşkəsin icrasının zəifliyini gündəmə gətirərək bu məsələnin danışıqların əsas mövzularından biri olacağını bildirib.















