Fazil Mustafa : "Minlərlə insanın haqqına bu şəkildə girmək kökündən yanlışdır"

  • By admin
  • 29 İyul 2016 09:57

fazil-mustafa

 

“Sosial şəbəkədə bəzi statuslarda Türkiyədə SOCAR-a böyük zərbə vurulduğunun sevinclə vurğulandığına rast gəldim. SOCAR-ın kadrlarının gülənçilərdən ibarət olduğunu və bunların hamısının Türkiyə hökuməti tərəfindən işdən uzaqlaşdırıldığını yazırlar. Üstəlik də SOCAR rəhbərliyini gülənçilərə simpatiyada ittiham edirlər. Bildiyim qədər SOCAR rəhbərliyindəki şəxslərin demək olar ki, hamısı Anadolu türklərin təbiri ilə desək, laik həyat tərzi yaşayan insanlardır və hansısa dini dünyagörüşü mənimsədikləri barədə ortada bilinən bir fakta rast gəlinməyib”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib. O, qeyd edib ki, dindar olmayan adamların camaatçı olmasını iddia etmək həqiqətən maraqlıdır:

“Xatırlayıram ki, tanıdığım şəxslərdən biri nə həbsə atılana qədər, nə də həbsdən sonrakı yaşamında bir dəfə də olsun namaz qılmamışdı, ancaq bir neçə il vəhabi adı ilə həbsxanada qalmalı olmuşdu. Namazsız vəhabi olduğu kimi, namazsız camaatçı da olmaq mümkün imiş. Demək ki, Azərbaycanda kiminsə haqqında söylədiyinin əsası olması vacib deyil, istədiyin yarlığı yapışdır, özü gəlib yerinə oturacaqdır. Mən SOCAR-ın gördüyü bəyənilən, bəyənilməyən işləri bir tərəfə qoyuram, sadəcə Azərbaycanın adı ilə dünyaya çıxan bu şirkətin kadr siyasəti ilə bağlı müşahidələrimi diqqətə çatdırmaq istəyirəm. SOCAR-ın neft-kimya sahəsində gənc kadrlara ehtiyacı varsa, bunu haradan almalıdır sualı ətrafında biz azca düşünək.

Birinci növbədə xaricdə uğurla təhsil almış Azərbaycan gəncləri arasından yüksək səviyyədə bilgisi olan və ingiliscəsi sözsüz ki, mükəmməl olan kadrları işə çəlb etmişlər. Bunların bir qismi Azərbaycandakı “Çağ” öyrətimin məzunlarıdır və təhsillərini xaricdə uğurla davam etdirənlərdir. İkincisi, Azərbaycan daxilindən üç ali təhsil ocağı var ki, oradan məzunları işə cəlb edə bilərlər. Ənənəvi olaraq Neft Akademiyasından götürülməsinin çətinliyi ondan ibarətdir ki, mərhum Siyavuş Qarayevin rektorluğundan üzü bəri bu təhsil ocağı bütün keyfiyyət göstəricilərini itirmiş durumdadır, indi-indi yeni rektorun səyləri nəticəsində müəyyən dəyişikliklər həyata keçirilməyə çalışılsa da, dirçəliş üçün xeyli vaxt tələb olunur”.

Onun sözlərinəgörə, ikinci təhsil müəssisəsi Qafqaz Universitetidir ki, buranın məzunları həm ingiliscə lazımi səviyyədə olurlar, həm də ixtisas üzrə Azərbaycan şərtlərində ən hazırlıqlı mütəxəssislər sayılırlar:

“Burada da bir neçə yönətici istisna olmaqla, böyük əksəriyyət camaatçı zehniyyətdən uzaq insanlardır və sırf praqmatik seçimlə burada dərs deyirlər və ya oxuyurlar. Üçüncü mənbə isə Ali Neft Məktəbidir ki, burada da təhsilin keyfiyyəti yüksəkdir və neft sənayesində ixtisaslı kadrlar hazırlanmasında əhəmiyyətli işlər görülür. Bu məktəb nisbətən yeni olduğuna görə, hələ ki, SOCAR-ın kadr boşluğunu tam mənasıyla doldura bilmir. Belə bir şərtlərdə SOCAR-ın işə götürdüyü kadrların içində “Çağ” öyrətimdən məzun olan şəxslər əhəmiyyətli yer tutursa, şirkət illah da hansısa yarlıq qoşulmasın deyə, Pedoqoji Universitetdən və ya Slavyan Universitetindən kadr götürə bilməz ki?..

Əlbəttə, Türkiyədə bu prosesləri anlamaq olar, Türk ordusuna təsiri olan kimlərsə hərbi çevriliş planlamış, bu çevriliş prosesinə ABŞ-da yaşayan Fətulla Gülən şəbəkəsini də qoşmuş, Türkiyə hökumətinin qətiyyəti və Türk millətinin cəsarəti ilə bu çevrilişin qarşısı alınmışdır. Nəticədə Türkiyə iqtidarı haqlı olaraq hərbi çevrilişdə iştirak edən şəbəkəni ifşa edərək, onlara qarşı barışmaz mövqe sərgiləmiş, onların zərərsizləşdirilməsi istiqamətində addımlar atmışdır. Türkiyə müstəqil bir dövlətdir, bizim qardaş məmləkətdir, bununla belə, orada qəbul olunan qərarların hərfən bizdə də tətbiq olunması gələcəyimiz üçün xeyli fəsadlar törədə bilər”.

Millət vəkili bildirib ki, hansı məktəbdən məzun olmasına baxmadan, savadı,Azərbaycan dövlətinə sədaqəti, ixtisas bilgisi, modern dünyagörüşü olan hər bir kadr bizim sərvətimizdir, bunları başqa ölkədəki siyasi proseslərin qurbanına çevirmənin zərərini mütləq görəcəyik:

“SOCAR-ı hansısa bəyənmədiyiniz işinə görə ittiham edirsiniz edək, ancaq ABŞ və Avropada təhsil almış savadlı Azərbaycan övladlarını işə götürməyə görə qınamaq, bu kadrları kütləvi şəkildə şübhəli şəxslər qismində təqdim etmək, hamısına sanki Türkiyədə hərbi çevriliş etməyə çalışan şəxslər kimi baxmaq həqiqətən üzücüdür. Minlərlə insanın haqqına bu şəkildə girmək kökündən yanlışdır”.

Gununsesi.info