


Səhər sodalı su içəndən 1 saat sonra yeməyimi yeyirəm. Yeməyi çörəksiz yeyirəm. Çörəkdən imtina etmişəm. Təxminən 6-7 aydır, heç bir un məhsulundan istifadə etmirəm. Bundan başqa, şəkərdən istifadə etmirəm. Çayımı ancaq qara ərik qurusu və qohumlarımın xüsusi olaraq mənim üçün göndərdikləri tut qurusu ilə içirəm. Qara çay içmirəm, daha çox ot çaylarına, Mədinə gülü, yaşıl çaya üstünlük verirəm. Yeməkdən minimum saat yarım keçməlidir ki, çay içim. Yeməkdən sonra dərhal maye qəbul etmirəm. Bu da mənə çox xeyir edir. Çünki orqanizmdə qidanın özünün həll olmasına nail ola bilirsən. Yəni onu mədədən bağırsağa sürətlə itələmirsən. Axşam 6-dan sonra yemək yemirəm. Yalnız balıq yeməkləri olanda, onu da çörəksiz yeyirəm. Çalışıram ki, axşam vaxtları 15-20 dəqiqə də olsa gəzim. Mənasız boşuna yeriməyi də çox sevmirəm. İngilis və rus dilində materiallar var ki, onları qulaqcıqla dinləyirəm. Və ya maraqlı bir şəxslə telefon söhbətim varsa, o söhbəti yürüşə salıram. Maraqlıdır ki, axşam da tez yata bilmirəm. Mən 1-də, 2-də yatıram və tez də dururam. Yuxusuzluq problemi yaranır. Futbol və basketbol çempionatlarını izləməyə çalışıram. Mən atçılıq, tennis… nə olur olsun, idmanının bütün növlərini izləməyə çalışıram.















