“Formula-1” yarışı zamanı Təcili Yardım Xidməti xüsusi iş rejimində çalışacaq

  • By admin
  • 13 İyun 2016 11:59

 Təcili Yardım Xidməti  1 

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışı zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi briqada ayrılıb. Bu briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstərəcəklər. Gununsesi.info-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyevin verdiyi məlumata görə, bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim ayrılıb ki, onlar zəruri hallarda, hər hansı hadisə baş verərsə, yarış məkanına daxil ola biləcəklər: “Dəniz vağzalının yaxınlığında beynəlxalq tələblərə uyğun klinika açılıb. Burada 30-a yaxın tibb işçisi çalışacaq. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olacaq. Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edəcək. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkəcək. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olmaqla, bizə yaxından kömək edəcəklər” – , deyə o bildirib. Baş həkimin sözlərinə görə, zərurət olduğu halda Klinik Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tamaşaçılar arasında, Mərkəzi Neftçilər Xəstəxanası isə idmançılar arasında zərərçəkənlərə yardım edəcək: “Təcili tibbi yardım heyəti belə tədbirlərin keçirilməsinə tam hazırdır. Onlar Avropa Oyunları ərəfəsində xüsusi təlimlərdə olub, xarici dil kursları keçiblər”.

Gülnaz Qənbərli