Gəl, xalqına yiyə dur – Yusif Nazim Ərəbsoy yazır…

  • By admin
  • 12 İyun 2020 17:44
Salam, ey Sabir baba. Bu yaxınlarda sənin doğum gününü qeyd etdik. Məkanın cənnət olsun. Yazdın-yaratdın getdin. Nə dəyişdi? Özünü azara saldın, sabun bişirə-bişirə özün də yanıb-yaxıldın. “Oğul mənimdir əgər, oxutmuram əl çəkin” deyənləri tənqid etdin, təhsilə dəvət etdin, nə dəyişdi? Səni oxuyanlar səni anladılarmı? Səni anlamaq səni başa düşmək demək deyil, səni anlamaq sənin görmək istədiyin kimi ola bilməkdir. Ola bildikmi? Sən təhsil alaq, adam olaq istədin. Təhsil aldıq. Adam olduqmu?
Xalqının təhsilli, diplomlu, yüksək vəzifəli rüşvətxor balaları indi sənə rəhmət oxuyurlar. Şeirlərini əzbər bilirlər, nəvələrinə də öyrədirlər. Əlim üzümdə qalır. Bu rüşvət hara, o rəhmət hara?! Vallah, məni qınama! Gör, nə deyirəm. O vaxt sənin tənqid etdiyin avam, mövhuatçı tiplər indiki bu təhsilli – xarici dil bilən, komputer bilgilərinə malik, savadlı tiplərdən daha saf idilər. Onlar avamlıqlarından elə idilərsə, bunlar ayıq ikən belədirlər. İndi hansılara yazığımız, rəhmimiz gəlsin? Sənin bu xalqının təkcə məmuru belə deyil e, elə sıravi nümayəndəsi də elədir. Bax, bu misranı tam bizə görə demisən, ümumi tərifimizdir – “Millət necə tarac olur olsun, nə işim var/ Düşmənlərə möhtac olur olsun, nə işim var?!”.
Cəmiyyət bərbad gündədir. Hamı özünü düşünür, qarnının hayındadır, ac da belədir, tox da belədir. Başıyla düşünən bir-iki nəfər qalıb. Hamı orasıyla-burasıyla düşünür. Ağıl özü çaş-baş qalıb, bilmir bu insanlarda yeri harada olmalıdır. Haqqın tərəfində olan yoxdur. Məsələn, Dövlətin malın talayıb özünə lüks villalar tikən, bahalı maşınlar alan birini uzaqdan-uzağa hamı tənqid edir, söyür. Gəl ki, həmən o tənqid edənlərdən birinin qızına mən də elçi düşüm, o da. Bilirsən, qızı hansımıza verəcəklər? Yox, yox, saflığından, bu xalqı sevdiyindən elə deyirsən. Əlbəttə, o tənqid etdikləri haramxor məmura verəcəklər. Çünki, onun pulu var, imkanı var. Nə fərqi var e, o var-dövlət halaldır, ya haramdır?! Hələ yaltaqlığı demirəm. Yaltaqlanmaqdan ötrü növbəyə düzülürlər. Səmimi hörmət filan yoxdur.
Sənin təhslilli, diplomlu övladların cəmiyyətdə pul ilə seçilməyə can atırlar. Möhkəm yarış gedir. Adam olmağa söyüş qoyublar. Adam olana yaxşı baxmırlar. Sənin bu misraların cəmiyyətin həyat prioritetinə çevrilib: “Adəmi adəm eyləyən paradır/ Parasız adəmin üzü qaradır”. Hamı üzü ağ olmaq istəyir. Əslində, üzə ehtiyac qalmayıb. Həyasızlıq dəbdədir. Soxasoxdu, vallah. Hərdən özüm görməzlikdən gəlirəm. Arada fıştırıqla başımı qatıram, yenə də olmur.
Bir ara məni dəmləyirdilər, “əsrimizin Sabirisən” deyirdilər. Sonra cəmiyyətə yaxşı nəzər saldım, gördüm ki, hamı keflənib, özünə bir Sabir axtarır. Axtarırlar ki, bunlar öz keflərin çəksinlər, o yeni Sabir də bunların dərdini.
Nə bilim, vallah, çox ağılalmaz cəmiyyətik. Oxumaqla da düzəlmədiksə, nəylə düzələcəyimizi bilmirəm. Çətin məsələdir. İki eşşəyin arpasın bölməyə də ehtiyac qalmayıb. Haqq-hesab aparan da eşşək olub. Bir-birlərilə yaxşı yola gedirlər. Əsr bizi dindirdi, dindik də nə dindik, dinmədik, dingildədik. Efir-ekran xalqa məsləhət verən dingilişlərlə doludur. Ekranın içində onlardır, çölündə bunların dediyinə “əhsən” deyənlər. Hərdən antena olmaq istəyirəm. Onu da müasirləşdirdilər, rəqəmsal elədilər. Siyasətindən tutmuş miyasətinə qədər yaxına getməli deyil. Məhəbbətə bir qoz. Qozun da qiyməti qanı qiymətinə. Axırda başımı itirib özüm bu cəmiyyətdəkilərdən betər olacam. Yox, ola bilmərəm, onda hamının müdrik tərəfi tutacaq, hamı məni daş-qalaq edəcək. Dedim axı, cəmiyyətə təzə Sabir lazımdır. Gəl, xalqına yiyə dur! Ruhun şad ola bilirsə, ruhun şad olsun!