Gəncədə bir qrup qazi YAP-a üzv oldu

  • By admin
  • 15 Fevral 2022 20:55

Gəncədə qazilər YAP sıralarına üzv olmaq üçün müraciət ediblər

YAP Gəncə şəhər təşkilatının yeni sədri Ramil Orucov Vətən Müharibəsi qaziləri ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, bildirib ki, 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət göstəriblər.

Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk.
Ramil Orucov vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə olduğu kimi Gəncə şəhərində də şəhid ailələri, qazilər diqqət və qayğı ilə əhatə olunublar. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür. Əlbəttə, bu Qələbə asan əldə edilmədi. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.
Söhbət zamanı Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər.
Qazilər adından çıxış edən Samir Məmmədov qeyd edib ki, biz, hər birimiz Vətən və dövlət qarşısında öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Azərbaycan xalqının dəstəyi bizə əlavə güc verdi: 44 günlük Vətən müharibəsində iştirak edərək, qismətimiz qazi olsa da böyük qələbəni, dünyaya səs salan möhtəşəm zəfərimizi görməkdən qürur duyuruq. Qürur duyuruq ki, bu gün də Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirik. Bu tədbirdə iştirak edən qazilər adından xahiş edirəm ki, bizi Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edəsiniz.
Sonda Vətən Müharibəsi iştirakçıları və qazilər onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Günay

Gununsesi.info