“Gəncədə sosial mənzillər tikilsin” - DEPUTATDAN TƏKLİF

  • By admin
  • 04 Oktyabr 2019 21:12

“Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan qədim Gəncə şəhəri bu gün Qafqaz regionunun ən gözəl şəhərinə çevrilib. Bununla yanaşı şəhərdə həllivacib problemlər də qaçılmazdır. Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar yollar bərbad hala düşür, sakinlərin haqlı narazılığına səbəb olur. Yaxşı olardı ki, aidiyyatı orqanlar içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini sürətləndirsinlər”.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Həsənovun Gəncə şəhərində YAP fəalları ilə görüşündə şikayət və təkliflərlə bağlı tədbir iştirakçılarına ünvanlandığı sorğuya cavab olaraq bildirib.

Deputat həmçinin ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə reallaşan sosial mənzillərin Gəncə şəhərində tikilməsini təklif edib.

“Gəncə şəhərində sosial mənzillərin tikilməsi ehtiyacı olan sakinlərin, xüsusən də gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına təkan olardı” – deyə millət vəkili bildirib.

Əvvəllər fəaliyyət göstərən Gəncə-Naxçıvan aviareysinin bağlanmasına münasibət bildirən Naqif Həmzəyev qeyd edib ki, aviareysin bərpa edilməsi Gəncədə təhsil alan Naxçıvandan olan tələbələrin, o cümlədən hərbi xidmət çəkən əsgərlərin, onların valideynlərinin gediş-gəlişində ciddi əngəlləri aradan qaldıracaq. Həmçinin Gəncə-Naxçıvan aviareysi Gəncə və ətraf bölgələrin turizminin inkişafına da müsbət təsir göstərər.

Deputatdan daha bir təklifi isə Gəncə şəhərində paytaxt və bölgələrdən təhsil alan tələbələrin kirayə evlər və ya yataqxana probleminin aradan qaldırılması ilə bağlı olub:

“Gəncə şəhərində 3 ali və 3 kollec fəaliyyət göstərir. Onlardan yalnız Azərbaycan Dövlət Aqrar Universitetinin müasir standartlara cavab verən yataqxanası var. Yaxşı olardı ki, digər universitet və kolleclərdə də tələbə yataqxanaları tikilsin”.